Mayın 30-da Ankara Rəsm və Heykəl Muzeyində “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərginin açılışı keçirilib.

Görkəmli rəssam, milli təsviri sənətdə realist rəngkarlığın banisi Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illik yubileyinə həsr olunmuş sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi (AMİM) və Ankara Rəsm və Heykəl Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin nazir müavini Səadət Yusifovanın rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY-un təmsilçiləri iştirak ediblər.

Nazir müavini Səadət Yusifova, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam tədbirdə çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il 200 illiyi geniş qeyd edilən Mirzə Qədim İrəvani Azərbaycan təsviri sənətinin inkişafındakı mühüm rol oynayıb. Tarixi yaddaşın, mədəni dəyərlərin təbliği baxımından belə sərgilərin davamlı təşkilinin əhəmiyyəti vurğulanıb.

Çıxışlardan sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

AMİM-in direktoru Şirin Məlikova sərgi haqqında qonaqlara geniş məlumat verib. Bildirilib ki, sərgidə AMİM-in kolleksiyasından rəssamın 40-dək unikal əsəri nümayiş olunur. Ekspozisiyada İrəvanda yaşayıb-yaratmış sənətkarın qrafik portretləri, vaxtilə İrəvandakı Sərdar Sarayını bəzəmiş divar pannolarının surətləri nümayiş etdirilir. Konsepsiyaya uyğun olaraq, sarayın füsunkar interyeri də süni intellekt vasitəsilə canlandırılıb.

Bununla yanaşı, sərgidə rəssamlar İ.Zankovski və N.Qruşevin İrəvanın təsvir olunduğu əsərləri, görkəmli rəssam Bəhruz Kəngərlinin “Qaçqınlar” silsiləsi, Xalq rəssamı Hüseyn Əliyevin portretləri, eləcə də İrəvanın kübar saray mühitini əks etdirən dekorativ-tətbiqi sənət nümunələri yer alır.

Sərgidən sonra Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə lentə alınan, M.Q.İrəvaninin 200 illik yubileyinə həsr olunmuş “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirilib.

Türkiyədə M.Q.İrəvani irsi, Qərbi Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətinin geniş təqdim edildiyi sərgi 18 iyul tarixinədək ziyarətçilər üçün açıq olacaq.

Qeyd edək ki, sərgidən öncə mədəniyyət nazirinin müavini Səadət Yusifova ilə türkiyəli həmkarı Sərdar Çam arasında görüş də keçirilib. Görüşdə iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.