Xalq şairi Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin 15 cildliyinin təqdimat mərasimi keçirilib.
Mayın 30-da Mərkəzi Elmi Kitabxanada təşkil olunan mərasimi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq, Xalq şairi Sabir Rüstəmxanlının zəngin yaradıcılığını əks etdirən 15 cildliyin Azərbaycan ədəbiyyatına böyük töhfə olduğunu, eyni zamanda, gələcək nəsillərin, gənc alim və tədqiqatçıların istinad mənbəyinə çevriləcəyini söyləyib. Bildirib ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında vətəndaşlıq poeziyasının əsas simalarından biri olan Sabir Rüstəmxanlının yaradıcılığında ictimai-siyasi motivlər, ümummilli ideallar və yüksək vətəndaşlıq missiyası həmişə ön mövqedə olub.
Sabir Rüstəmxanlının ədəbi mühitdə milli mövqeyi ilə seçilən sənətkar AMEA prezidenti vurğulayan İsa Həbibbəyli diqqətə çatdırıb ki, təqdimatı keçirilən 15 cildliyə Azərbaycanın tanınmış qələm adamları, müxtəlif nəsillərdən olan görkəmli alimlər ön söz yazıblar.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığından, poeziyasının xüsusiyyətlərindən, ziyalı mövqeyindən danışıb. O, Sabir Rüstəmxanlının əsərlərinin Azərbaycan dilinin və bədii fikrinin zənginləşməsi baxımından seçildiyini, eyni zamanda, milli dəyərlərimizi və tariximizin taleyüklü anlarını özündə əks etdirdiyini vurğulayıb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Milli Məclisin deputatı, professor Fəzail İbrahimli və digər çıxış edənlər Azərbaycan ədəbiyyatının istiqlalçılıq və vətəndaşlıq salnaməsində Sabir Rüstəmxanlının mühüm yeri olduğunu bildiriblər.
Sonda çıxış edən Sabir Rüstəmxanlı tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.