“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub

Biz Güney Azərbaycan ədəbiyyatını Şəhriyarın “Heydər babaya salam”ı, Hökümə Billurinin “Təbrizim”ı, Səməd Behrənginin “Balaca qara balığ”ı ilə sevdik. Sonra bu tayda güneyli şairlərin şeirləri, nasirlərin yaradıcılığı ilə bağlı çox kitablar nəşr edildi – “Cənubi Azərbaycan yazıçılarının almanaxı”, “Cənubi Azərbaycan ədəbiyyatı tarixi”, “XIX-XX əsr Güney Azərbaycan el şairləri”... Zənnimcə, o tay şairlərinin şeirləri daha çox vətən həsrəti qoxuyur. Ananın balaya, bacının qardaşa olan həsrəti. Bir də onların fonunda ikiyə bölünmüş vətənin nisgili...

Biz Arazın o tayı deyərdik, sonra dilimizdə bu cümlə yuvarlaqlaşıb elə “o tay” kimi qaldı. Heç başqa dövlət, millət olmadı bizim üçün, uzaqbaşı “o tay” oldu. Doğma ocağın da o tayı, bu tayı, o başı, bu başı olur. O tay da, bu tay da mənim doğma yurdumdur. Bunu həmişə belə bildik. Bəlkə də bilməzdik, ədəbiyyatımız, poeziyamız, dilimiz olmasaydı. Dilimiz tariximizi də yaşadır. Biz ədəbiyyatımızla əslində tariximizi yazmışıq. Biz dilimizi də daha çox poeziyamızda yaşadırıq.

“Dilin diri qaldığı ən etibarlı yer poeziyadır” – kitabın ön sözündə onun redaktoru, şair Səlim Babullaoğlunun yazdığı fikirlərdə çox böyük həqiqət var. Deyir, əslində, təqdim olunan kitabın adını məhz ağrılı-acılı tariximiz – Kürəkçay (1805), Gülüstan (1813), Türkmənçay (1828) müqaviləsi doğurub. Haqlıdır. Həsrət, nisgil misralara, misralar şeirə, poeziyaya dönüb. Ona görə də bir Azərbaycan şairinin yaradıcılığı həm də Azərbaycanın tarixidir. O tay-bu tay şairlərinin birlikdə işıq üzü görən toplusu “Azərbaycan tarixi” kitabıdır. Poeziyadan ötə tarixdir. 

Belə bir “tarix” kitabının təqdimatında olduq. “Güney Azərbaycan poeziyası” seçmələr toplusu başıbəlalı tariximizin şeirlə ifadəsidir.

***

Məkan həzin musiqinin sədaları altında yenə ədəbiyyatın, mədəniyyətin, elmin və mətbuatın, bir sözlə, qələmə sarılan insanların pətəyinə çevrilmişdi...

Xalq Bank “Xalq Əmanəti” layihəsi çərçivəsində 25-ci kitabını təqdim edir. Bu nəşr Güney Azərbaycan poeziyasına həsr olunub. Kitabda Güney Azərbaycanda doğulmuş, müxtəlif ədəbi təmayül və cərəyanları təmsil edən, XX əsrin əvvəllərindən günümüzə qədər yazıb-yaratmış 50 azərbaycanlı şairin fərqli mövzularda və janrlarda qələmə aldıqları seçmə şeir və poemaları, qəzəlləri toplanıb.

Tədbiri idarə etmək akademik Nizami Cəfərova həvalə edilmişdi. Nizami müəllim əvvəlcə ümumilikdə Cənub poeziyası və ədəbiyyatı barədə öz fikirlərini bölüşüb, sonra sözügedən kitabın ideya müəllifi və tərtibçilərini bu möhtəşəm iş münasibəti ilə həm təbrik etdi, həm də onlara təşəkkürünü dilə gətirdi. 

Söz verildi Xalq yazıçısı Sabir Rüstəmxanlıya. O şəxsə ki, gözümüzü açandan bu mövzuda yazılarını oxuyub, çıxışlarını dinləmişik. Həm kitab, həm də o tay-bu tay barədə fikirlərini bölüşən Sabir Rüstəmxanlı arada Həmid Herisçiyə xitabən, onun bu kitabda adının olmaması barədə maraqlı replika da verdi. Həmid Herisçi isə cavabında “mən bütöv Azərbaycanın şairiyəm” – dedi.

Bu ürəkaçan dialoqdan sonra Həmid Herisçinin də ümumən Azərbaycan poeziyası barədə fikirlərini dinlədik.

Səlim Babullaoğlu kitabın ərsəyə gəlməsi prosesindən söhbət açdı. Dedi ki, kitabdakı müəlliflərin sırasında adını Azərbaycan ədəbiyyatı tarixinə yazmış böyük şairlərimizlə yanaşı, çağdaş dövrün istedadlı gənc ədiblərinin də isimləri var.

XX-XXI  əsrlər bütöv Azərbaycanın ədəbi mənzərəsini görmək üçün ərsəyə gətirilən “Güney Azərbaycan poeziyası. Seçmələr” kitabı həm də keşməkeşli tariximizi əks etdirir – bu fikri əksər çıxışçılar müxtəlif formalarda dilə gətirdilər. Bir də onu dedilər ki, sözügedən kitab çox gərgin əməyin məhsuludur. Onun ərsəyə gəlməsində əməyi olan Esmira Fuad və Pərvanə Məmmədlinin fikirlərindən bəlli oldu ki, Rafiq Həşimov və Səlim Babullaoğlu kimi tələbkar və dilə, sözə həssas qələm adamları ilə işləyib, onları razı salmaq hər ikisinə asan başa gəlməyib. Sanballı iş gərgin əməyin nəticəsidir.

Kitabda bir-birindən maraqlı poeziya nümunələri var.

Məhəmməd Rza Nəvayi :

Aramızda mən boyda sərhəd varmış, oğlum, bağışla!

Nə sən bu sərhədi keçə bildin, nə mən,

Səni bayraq yondum Təbrizə bir axşam...

Qaldır türk bayrağını, qaldır!

 

Ümid Nəccarinin azadlığa maraqlı yanaşmasına diqqət verək:

Başını yerə dikən

söyüdlərin quruduğu dünyada,

kişilərin qollarında

ağrıyır ədalət,

qadınların sinələrində

çürüyür azadlıq...

Nəşr belə nümunələrlə zəngindir.

Kitabda hələ tanımadığımız güneyli şairlər də var, bəlkə də oxucu bəzilərinin şeirləri ilə ilk dəfə tanış olacaq. “Güney Azərbaycanın poeziyası” kitabı yalnız poeziyanın, tarixin deyil, həm də dilin, musiqinin, mədəniyyətin, dövrün siyasi olaylarını inikasıdır.

Hüseyn Düzgün deyir:

Qocalmadın, qocalmazsan heç zaman

Yaz nəfəsli, bahar səsli musiqim.

Qərinələr ürəkləri fəth etdin,

Bülbül dərdli, gül həvəsli musiqim.

Onun “Özgə donun geymə” misraları da qıza xitabən yazılsa da, çox mətləbləri özündə ehtiva edir.

Özgə donun geymə, dar gələr sənə...

***

Onu da deyim ki, “Xalq Əmanəti” layihəsi Xalq Bank tərəfindən 2010-cu ildən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar – Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Bu günədək layihə çərçivəsində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Cahid Camal, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.

Çox gərəkli işdir. Əvəzsiz xəzinədir. Xəzinə yalnız maddiyyatla zənginləşmir, görünür, Xalq Bank bunu yaxşı bilir.

Layihədə uğurlar, bir gün üstündə güney, quzey yazılmayan, yalnız “Azərbaycan poeziyası” yazılmış kitabın təqdimatından xəbər vermək diləyi ilə...

Ramilə Qurbanlı