Mayın 17-də görkəmli yazıçı-dramaturq, publisist, ictimai xadimi, pedaqoq, ədəbiyyatşünas, maarifpərvər ziyalı Əbdürrəhim bəy Haqverdiyevin (1870–1933) anadan olmasının 155 ili tamam olur.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinə həsr olunan virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, Əbdürrəhim bəy Haqverdiyevin çoxşaxəli bədii və ictimai fəaliyyətindən, Azərbaycan nəsrinə bəxş etdiyi töhfələrdən bəhs edən “Şəxslərin və hadisələrin tipləşməsi  – Əbdürrəhim bəy Haqverdiyev”, “Görkəmli yazıçı-dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyev”, “Ədəbi-ictimai və pedaqoji fikir tariximizdə müstəsna yer tutan ədib – Haqverdiyev”, “Folklorun Əbdürrəhim bəy Haqverdiyevin hekayələrinin poetikasına təsiri” kimi məqalələrin tam mətni təqdim olunur.

Bununla yanaşı, istifadəçilər virtual sərgidə Əbdürrəhim bəy Haqverdiyevin əsərlərini, onun həyat və yaradıcılığından bəhs edən “Əbədiyyət yolçusu”, “Klassiklərimizin ideal və poetik sənət dünyası” kimi kitabları da onlayn oxuya bilərlər.

“Əbdürrəhim bəy Haqverdiyev – 155”  virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

***

Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, nasir, publisist, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 155 illik yubileyinə həsr olunmuş geniş kitab sərgisi açılıb.

“Əbdürrəhim bəy Haqverdiyev – 155” adlı sərgidə ədibin əsərləri, tərcümə etdiyi, eləcə də həyatı və yaradıcılığı haqqında kitablar nümayiş olunur.

Kitabxananın sərgi ilə bağlı yaydığı məlumatda diqqətə çatdırlır ki, Haqverdiyev ədəbi fəaliyyətə Şuşa Realnı məktəbində oxuduğu zaman başlayıb. Peterburqda ali təhsil alarkən ilk dram əsərlərini – “Yeyərsən qaz ətini, görərsən ləzzətini” və “Dağılan tifaq” pyeslərini yazıb.

1899-cu ildə о, Pеtеrburqdan Şuşaya qayıdır. Ədib "Bəxtsiz cavan" pyеsini də 1900-cü ildə Şuşada yazır. Pyеs еlə həmin il tamaşaya qоyulur. 1901-ci ildə Haqvеrdiyеv Bakıya gəlir və burada "Pəri cadu" pyеsini tamamlayır. Əsər səhnədə, müəllifin başqa pyesləri kimi, böyük müvəffəqiyyət qazanır.

Haqverdiyev “Cеyranəli”, “Xоrtdan”, “Həkimi-nuni-səğir”, “Lağlağı”, “Mоzalan”, “Süpürgəsaqqal” və başqa imzalarla hekayə, fеlyеtоn və publisist məqalələrin müəllifidir. Yazıçının hеkayələrinin bir qismi "Marallarım" (1927) və "Hеkayələr" (1940) kitabında toplanıb.