Tarixdəki olaylar
16 may 1812 –Rusiya-Türkiyə (Osmanlı) müharibəsinin (1806–1812) yekunlarına dair Buxarest sülhü imzalanıb. Bessarabiya (indiki Moldovanın bir hissəsi) Rusiyaya birləşdirilib, Türkiyə isə Valaxiya bölgəsini (Rumıniyanın bir hissəsi) əldə edərək Fransa ilə (Napoleon) ittifaqdan çıxıb. Sonuncu məqam Rusiyanın Fransa ilə müharibədə vəziyyətini qismən yaxşılaşdırdı.
16 may 1997 – Milli Məclis "Avropada adi silahlı qüvvələr haqqında" müqavilənin Cinah Sazişini ratifikasiya edib. 1990-cı ildə "Varşava paktı" (Sovet İttifaqı və sosialist ölkələrinin hərbi ittifaqı) və NATO arasında bağlanmış müqavilənin Cinah Sazişi keçmiş SSRİ-nin adi silah (raketlər və nüvə silahı istisna olmaqla) arsenalının yeni müstəqil dövlətlər arasında kvota bölgüsünü təsbit edirdi. Bölgüyə əsasən, Azərbaycan, Ermənistan və Gürcüstan üçün eyni miqdarda silah kvotası (220 tank, 220 zirehli texnika, 285 artilleriya qurğusu, 100 hərbi təyyarə, 50 vertolyot) nəzərdə tutulmuşdu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
16 may 1898 – Yaponiya milli kinematoqrafiyasının banilərindən olan rejissor Kendzi Midzoquti (Kenji Mizoguchi; 1898 – 24.8.1956) anadan olub.
16 may 1915 – İtaliya kinorejissoru Mario Moniçelli (1915 – 29.11.2010) anadan olub. Filmləri: “Polislər və oğrular”, “Böyük müharibə” və s.
16 may 1929 – Əməkdar incəsənət xadimi, skripka ifaçısı Rauf Cəmil oğlu Nərimanbəyli (1929–2021) Bakıda anadan olub.
16 may 1950 – Xalq artisti Arif Əli oğlu Quliyev (1950 – 7.5.2021) Şirvan şəhərində anadan olub. Musiqili Komediya, Milli Dram, İrəvan teatrlarında işləyib. Filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb.
16 may 2022 – Əməkdar incəsənət xadimi Fuad Zülfüqar oğlu Vəlixanov (1.5.1941 – 2022) vəfat edib. Televiziya sahəsində müxtəlif vəzifələrdə çalışıb.
Hazırladı: Vüqar Orxan