Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış bəstəkar, Xalq artisti, professor Azər Rzayevin (1930–2015) anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə çıxış edən ABİ-nin sədri Xalq artisti, professor Firəngiz Əlizadə bəstəkar Azər Rzayevin zəngin yaradıcılığından söz açıb.
Firəngiz Əlizadə özünün də müəllimi olmuş Azər Rzayevin yaradıcılıq irsinin əlamətdar cəhətlərini vurğulayıb. Qeyd edib ki, Azər Rzayev yaradıcılığında ifaçılıq, pedaqoji və musiqi-ictimai fəaliyyətləri böyük ustalıqla birləşdirmişdi. O, uzun illər televiziyada maraqlı maarifləndirici musiqi verilişlərin aparıcısı olub, Opera və Balet Teatrına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub. Sevindirici haldır ki, Azər Rzayevin əsərləri musiqi məktəblərinin tədris proqramına daxil edilib.
Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova “Azər Rzayevin yaradıcılığına bir nəzər” mövzusunda çıxış edib.
Tədbirin aparıcısı Azərbaycan Milli Konservatoriyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva babası Azər Rzayevlə bağlı xatirələrini bölüşüb.
Sonra Azər Rzayevin kamera musiqisi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.