Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən görkəmli maarifçi, pedaqoq Firidun bəy Köçərli haqqında, həmçinin Azərbaycan əsilli Fransa yazıçısı Ümm-əl-Baninin (Ümbülbanu Əsədullayeva; 1905-1994) 120 illik və elmi-fantastik əsərlər müəllifi Emin Mahmudovun (1925-2000) 100 illik yubileyləri münasibətilə metodik vəsaitlər hazırlanaraq elektron formatda istifadəçilərə təqdim olunub.

“Azərbaycan xalqının maarifpərvər oğlu Firidun bəy Köçərli” adlı metodik vəsait görkəmli maarifçi və ədəbiyyatşünasın həyat və fəaliyyətini dərindən öyrənmək istəyənlər üçün qiymətli mənbədir. Bu vəsait F.Köçərlinin zəngin irsini, xüsusən də onun pedaqoji və ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərini sistemli şəkildə təqdim edir. Ədəbiyyatşünaslıq elmimizin banisi sayılan F.Köçərlinin hazırladığı dərsliklər, xüsusən də “Vətən dili”nin təkmilləşdirilməsi sahəsindəki töhfələri təhsil sisteminin inkişafında mühüm rol oynayıb. O, eyni zamanda  Azərbaycan folklorunun toplanılması və nəşri sahəsində də böyük xidmətlər göstərib.

“İnsan ağlının və fantaziyasının hüdudsuzluğuna inanan yazıçı” adlı metodik vəsaitdə Emin Mahmudovun bədii irsini dərindən öyrənmək, təhlil etmək və tədris prosesində istifadə etmək məqsədi daşıyır. 

“İki məşhur nəslin Avropada şöhrət qazanan xanım nümayəndəsi – Ümm-əl-Bani” adlı metodik vəsait isə  yazıçının həyat və yaradıcılığının hərtərəfli tanıdılmasına töhfədir. 

Hər üç metodik vəsaitlə Respublika Uşaq Kitabxanasının rəsmi saytında (https://www.clb.az) tanış ola bilərsiniz.