18 may – Beynəlxalq Muzeylər Günü ənənəvi olaraq bu il də çeşidli tədbir və layihələrlə qeyd edilir. Əlamətdar gün münasibətilə mayın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeylər incəsənətlər arasında bir körpüdür” adlı tədbir keçirilib, muzeyin “Musiqi və təsviri sənət” zalının açılışı olub.
Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözündə tədbir iştirakçılarını salamlayıb, yeni yaradılan zal haqqında məlumat verib. Qeyd olunub ki, zalda Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin fondlarından təsviri sənət nümunələri sərgilənir.
Qonaqlar rəsm və heykəltaraşlıq əsərləri, musiqili tamaşaların tərtibat və geyim eskizləri, dostluq şarjları və afişalarlardan ibarət sərgi ilə tanış olublar.
Açılış mərasimində Xalq rəssamları Arif Hüseynov, Hüseyn Haqverdiyev, Əməkdar incəsənət xadimi Elturan Avalov, "Bakı" rəsm qalereyasının rəhbəri rəssam Eldəniz Babayev, rəssam Hüseyn Hacıyev və başqa mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Bədii hissədə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri – Əməkdar artist Xəyyam Məmmədov (kamança), Əməkdar artist Çinarə Heydərova (qanun),Emin Eminli (tar), Cəfər Həsənov (nağara), muzeyin Qədim musiqi alətləri ansamblının solisti, nəfəs alətləri ifaçısı Teymur Abdullayevin, aktyor və müğənni Tərlan Şahbazi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, Əməkdar artist İlham Nəzərovun vokalçı tələbələri Cavidan Babazadə, Nuray İsmayılova, Pərvanə Soltanova və Ülviyyə Əliyevanın ifalarında rəngarəng konsert proqramı təqdim olunub.