17 may Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür (World Telecommunication and Information Society Day). 2006-cı ildə BMT Baş Assambleyasının qətnaməsi ilə təsis edilən bu gün proqramçılar, sistem administratorları, internet provayderləri, veb-dizaynerlər, onlayn portalların redaktorları və informasiya texnologiyaları sahəsi ilə məşğul olanlar üçün peşə bayramı kimi qeyd olunur.

 

Tarixdəki olaylar

 

17 may 1639 – Səfəvi və Osmanlı dövlətləri arasında növbəti müharibənin (1623–1639) yekunlarına əsasən, Qəsri-Şirin sülh müqaviləsi bağlanıb. Müqavilədə tərəflər arasında 1555-ci ildə bağlanmış Amasya sülhünün şərtləri təsdiqlənib. Həmin şərtlərə görə, indiki Gürcüstanın qərb vilayətləri Osmanlının, Gürcüstanın şərq hissəsi, habelə Azərbaycanın Borçalı mahalı, Qərbi Azərbaycan (indiki Ermənistan ərazisi), eləcə də şimallı-cənublu Azərbaycan torpaqları Səfəvilərin nəzarətinə keçmişdi.

 

17 may 1944  SSRİ rəhbəri Stalinin qərarı ilə Rusiya Federasiyası tərkibində Krım MSSR ləğv edilib. Mayın 18-nə keçən gecə 200 minə yaxın Krım tatarı (türk) Orta Asiya, Ural və Volqaboyuna deportasiya olunub. Krım tatarları Stalinin ölümündən sonra reabilitasiya olunsalar da, yalnız 80-ci illərdə Krıma qayıda bildilər.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

17 may 1870 – Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870 – 11.12.1933) Şuşada anadan olub. “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ac həriflər” və s. pyeslərin, hekayələrin (“Marallarım” silsiləsi) müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib. Teatr tamaşalarına quruluş verib. Bakı Dövlət Universitetində dərs deyib.

 

17 may 1873 – Fransız yazıçısı Anri Barbüs (Henri Barbusse; 1873 – 30.8.1935) anadan olub. Əsərləri: “Alov”, “Gerçək əhvalatlar” və s.

 

17 may 1904 – Fransız aktyoru Jan Qaben (Jean Gabin – Jean-Alexis Moncorge; 1904 – 15.11.1976) anadan olub.

 

17 may 1938 – Əməkdar incəsənət xadimi, televiziya diktoru, rejissor Arif Lətif oğlu Qazıyev (1938 – 24.2.2022) Gəncədə doğulub. “Muğam” teatrının rəhbəri olub. Musiqili telefilmlərin (“Şur”, “Təsnif”) müəllifidir.

 

17 may 1938 – Türk bəstəkarı, müğənni, instrumental ifaçı Esin Engin (1945 – 4.5.1997l) anadan olub. Türk xalq musiqisi nümunələrini aranjeman edib, teatr tamaşalarına və filmlərə, o cümlədən məşhur "Çalıkuşu" serialına (1986) musiqi yazıb.

Hazırladı: Vüqar Orxan