Mayın 30-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Mətbuat və İnnovasiya Festivalı (MEDİAFEST-2025) və “Qlobal informasiya mühiti və media trendləri” mövzusunda konfrans təşkil edilib.
Konfrans Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində, Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Azərbaycan Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbu orqanı olan “Şərq qapısı” qəzeti redaksiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Sonra Heydər Əliyev Sarayının foyesində təşkil olunmuş sərgi zonaları və stendlərlə tanışlıq olub. “Şərq qapısı” qəzeti, Naxçıvan televiziyası (NTV), Naxçıvan Dövlət Universiteti və “Məktəbli” qəzeti stendlərində Naxçıvan mediasının fəaliyyəti, tarixi, müasir media məhsulları və gənc jurnalistlərin fəaliyyətlərinə dair materiallar nümayiş etdirilib.
Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər konfrans iştirakçıları gənc jurnalistlərin təqdim etdiyi arzular lövhəsinə xoş diləklərini qeyd ediblər.
Naxçıvan televiziyasının stendinə baxış zamanı televiziyanın "Azerspace-1" peyki üzərindən yayıma başlamasının rəmzi mərasimi keçirilib.
***
Sonra “Qlobal informasiya mühiti və media trendləri” konfransı işə başlayıb.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin aparıcıları Jalə Həsənli və Nicat Quliyev dövlət başçımızın milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamını diqqətə çatdırıb, sərəncamda mediamızın gələcək hədəflərinin göstərildiyini vurğulayıblar.
Milli mətbuatımızın tarixindən və müasir inkişafından bəhs edən videoçarx izlənilib, səhnəcik nümayiş etdirilib.
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün mətbuat işçilərini təbrik edən Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ölkəmizdə mətbuata, jurnalist əməyinə çox böyük hörmət, diqqət və dövlət dəstəyinin olduğunu qeyd edib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda mətbuatın inkişafı sahəsində əsaslı işlər görülüb, dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoyub. Ümummilli Liderin yolunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev mətbuatın inkişafına da xüsusi qayğı göstərir. Dövlət başçımızın “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 25 aprel tarixli Sərəncamı mətbuatın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov konfransın Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacağını bildirərək, qlobal informasiya mühitinin media trendlərinin formalaşmasına təsirindən danışıb. Qeyd edib ki, qlobal media forumlarında Prezident İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması dövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda, başlıca vəzifəsi cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək olan mediaya diqqət və qayğının müstəsna təzahürüdür.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov çıxışında bildirib ki, milli mətbuatın 150 illik yubileyi kimi tarixi bir hadisə ərəfəsində qədim Naxçıvanda MEDİAFEST-in keçirilməsi simvolik məna daşıyır. Çünki mədəni və intellektual irsin formalaşmasında müstəsna rol oynayan, maarifçilik ideyalarının daşıyıcısı olan Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur. Son illər Naxçıvan mediasının respublikanın sosial-iqtisadi inkişafında, mədəni irsinin tanıdılmasında və ölkəmizin ümumi media strategiyasına inteqrasiyasında mühüm addımlar atılıb. Bugünkü tədbir də bu prosesə və Naxçıvan mediasının daha da inkişafına yeni təkan verəcək.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Prezidentinin milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamından bəhs edərək bu addımı dövlətimizin mediaya ciddi dəstəyinin nümayişi kimi dəyərləndirib. Milli mətbuatımızın inkişaf tarixinə diqqət çəkən Rəşad Məcid Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində atdığı mühüm addımlardan danışıb. Əlavə edib ki, xüsusən də 1990-1993-cü illərdə Ulu Öndərin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə "Şərq qapısı" qəzeti və Naxçıvan televiziyasının yaratdığı salnamələr onların arxivlərində qorunur. Bu dəyərli mənbələr bu gün üçün də böyük məxəzdir və Ümummilli Liderin şəxsiyyətini daha yaxından tanımaqda önəmli rol oynayır.
***
Konfransda Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə beynəlxalq media təmsilçilərinin təbrik videoları da təqdim olunub. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun, Anadolu Agentliyinin baş direktoru Serdar Karagöz, Özbəkistan Gənc Jurnalistlər Birliyinin sədri Şöhrət Arif, Avropa Xəbər Agentliyinin İtaliya nümayəndəsi Carlo Marino və Qazaxıstan televiziyasının Xəbərlər departamentinin direktoru Beynequl Abauova Azərbaycan mediasını yubiley münasibətilə təbrik ediblər.
Sonra “Dezinformasiya və “fake news”larla mübarizə” mövzusunda panel iclası keçirilib.
Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə baş tutan paneldə Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, AnewZ TV-nin icraçı direktoru Rüfət Həmzəyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Elşad Eyvazlı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov fikirlərini bölüşüblər.