Alman-Azərbaycan Cəmiyyətinin yaranmasının 35 illiyi ilə bağlı ölkəmizdə “Azərbaycan-Almaniya dostluq həftəsi” keçiriləcək.
İyunun 18-dən 22-dək davam edəcək "Dostluq həftəsi" çərçivəsində iki ölkə arasında elm, mədəniyyət və idman sahəsində əlaqələrin inkişafına həsr olunmuş silsilə tədbirlər nəzərdə tutulub.
Bu barədə Alman-Azərbaycan Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, paytaxtımızda və bəzi regionlarda keçiriləcək tədbirlərdə Almaniya, Türkiyə, Gürcüstan və Qazaxıstandan gələn nümayəndə heyətləri iştirak edəcək.
İyunun 18-də və 19-da Alman-Azərbaycan Cəmiyyətinin dostu, məşhur futbol məşqçisi Bernd Ştangenin ölkəmizin idman ictimaiyyəti ilə görüşü nəzərdə tutulur.
İyunun 19-da AMEA-nın Əlyazmalar İnstitutunda Azərbaycanı mühacirətdə tanıdan yazar Məhəmməd Əsəd Bəyin 120 illik yubileyi qeyd olunacaq.
İyunun 20-də Milli Azərbaycan Tarixi Muzeyində professorlar Oskar Valter və Həcər Verdiyevanın moderatorluğu ilə “Azərbaycan-Almaniya: ikitərəfli münasibətlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
“Azərbaycan-Almaniya dostluq həftəsi”ndə iştirak etmək üçün Bakıya gələn qonaqlar iyunun 20-də Diasporla İş üzrə Dövlət Komitəsində görüşü nəzərdə tutulub.
Həmin gün axşam Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında almaniyalı İda Haag, Aleksandr Hahn və azərbaycanlı incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunacaq.
Rəsmi hissədə Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev təşkilatın 35 il ərzində keçdiyi yol barədə danışacaq, iki ölkə arasında xidməti olan şəxslərə cəmiyyət medalı, mükafat və diplomu təqdim olunacaq.
İyunun 21-də qonaqlar Bakının Dağüstü parkının ərazisində təşkilatın təsis etdiyi “Azərbaycan-Alman dostluq bağı” ilə tanış olacaqlar. Həmin gün İçərişəhərdə “Altştadt” qonaq evində Alman-Azərbaycan Cəmiyyəti, Bavariyanın MDB məkanından köç etmiş Almanlar Cəmiyyəti və Almaniya Azərbaycanlıları Alyansının üçtərəfli görüşü nəzərdə tutulub.
Ertəsi gün dostluq həftəsinin iştirakçılarının Gəncə şəhərinə, Göygöl və Şəmkir rayonlarına səfəri də maraqlı proqramla zəngin olacaq. Göygöl rayon mərkəzində alman mədəni irsi ilə tanışlıq planlaşdırılıb. Şəmkirdəmki alman Lüteran kilsəsində incəsənət ustalarının konsert proqramı təqdim olunacaq.