Azərbaycan Radiosunda 50 ildir ki, hər bazar günü efirə gedən “Axşam görüşləri” dinləyicilərlə mənəvi bağ yaradan, milli-mənəvi dəyərləri təbliğ edən verilişlərdən biridir. Bu veriliş mədəni irsimizə, ədəbiyyatımıza maraq göstərən hər kəs üçün qiymətli bir informasiya mənbəyidir.

Bu fikirlər AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Axşam görüşləri”: Azərbaycan elminin və mədəniyyətinin carçısı” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə vurğulanır ki, görkəmli elm və mədəniyyət xadimi, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan “Axşam görüşləri” illərdir ki, öz orijinallığı və intellektual məzmunu ilə seçilir.

Verilişdə klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı təhlil edilir, ədəbiyyatımızın keçmişi və bu günü ilə bağlı dəyərli məlumatlar təqdim olunur, həmçinin dinləyiciləri düşündürən ədəbi-fəlsəfi mövzular ətrafında müzakirələr aparılır.

“Axşam görüşləri” dəyərli bir arxiv yaratmaqla milli yaddaşımızı zənginləşdirmək, mühüm mədəni-tarixi irs formalaşdırmaq və onu gələcək nəsillərə ötürmək kimi şərəfli bir missiyanı həyata keçirir. Yarım əsri əhatə edən bir dövr ərzində öz fəaliyyətini davam etdirən bu veriliş akademik Rafael Hüseynovun zəngin televiziya təcrübəsinin, mədəniyyətə, ədəbiyyata və tarixə olan dərin bağlılığının, sonsuz sevgisinin göstəricisidir.

Akademik Rafael Hüseynov təkcə bir aparıcı və ya publisist kimi deyil, həm də bir müəllim, tədqiqatçı kimi cəmiyyətimizdə böyük nüfuz qazanıb. Alimin fəaliyyəti Azərbaycan televiziya tarixində, mədəniyyətində və informasiya məkanında dərin izlər buraxıb. O, hələ gənc yaşlarından başlayaraq televiziyada müxtəlif maarifləndirici proqramlarla çıxış edib, ictimai şüurun formalaşmasına, milli-mənəvi dəyərlərin təbliğinə xidmət göstərib.

“Axşam görüşləri”nin cari ilin yanvar ayında yayımlanan buraxılışında akademik Rafael Hüseynov ilk verilişin ərsəyə gəlməsindən danışaraq həmin günləri belə xatırlayıb: “2025-ci il verilişimiz üçün yubiley ilidir. Düz 50 il qabaq “Axşam görüşləri” hər bazar günü sizinlə daimi olaraq görüşlərinə başladı. Sanki dünən idi, bina həmin bina, pillələr eyni. Dəhlizlər həminki... Onda mən hələ tələbə idim. Artıq 1 il idi ki, Azərbaycan radiosuna ayaq açmışdım. Televiziyada da ilk verilişlərimi hazırlayırdım. Ancaq birinci verilişim radioda 1974-cü ilin oktyabrında səslənmişdi”.

Verilişin ilk illərindən başlayaraq Rafael Hüseynov daim maraqlı, cəlbedici və dəyərli müsahibələr hazırlayıb. O, yalnız məşhur şəxsiyyətlər, elm və mədəniyyət xadimləri deyil, həm də onların ailə üzvləri, yaxınları ilə əlaqələr yaradaraq, onları axtarıb taparaq efirə dəvət edib, bu görüşlər vasitəsilə Azərbaycan ictimaiyyətində böyük maraq doğuran verilişlərə imza atıb, xalqımızın milli-mənəvi irsini ehtiva edən zəngin arxiv formalaşdırıb.

Proqramı fərqləndirən əsas xüsusiyyətlər akademik Rafael Hüseynovun ensiklopedik biliyi, tədqiqatçı ruhu ilə yanaşı, onun emosional nitqi, cəlbedici səs tonu, səmimi üslubu və söhbət açdığı hər mövzuya bədii-estetik yanaşmasıdır. Məhz bu səbəbdən, illərdir ki, dinləyicilər verilişin hər buraxılışını böyük maraqla, həvəslə gözləyirlər.

Akademik Rafael Hüseynovun özünün də dediyi kimi, “Axşam görüşləri” ilk illərdən etibarən hər zaman milli iradəmizin, varlığımızın ifadəsi olan məqamlara diqqət yetirib. 

İnanırıq ki, hər buraxılışı ilə ruhumuzu qidalandıran bu veriliş hələ uzun illər tarix yazmaqda, gözəl xatirələr yaratmaqda davam edəcək, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına töhfə verən görkəmli şəxsiyyətlərin həyat yoluna işıq salacaq.