Tarixdəki olaylar
16 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və müvəqqəti hökuməti Tiflisdən Gəncəyə köçüb. Cümhuriyyətin keçici paytaxtı elan edilən Gəncə şəhəri Nuru paşanın başçılıq etdiyi türk (Osmanlı) qoşunlarının nəzarətində idi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
16 iyun 1313 – İntibah dövrünün görkəmli italyan yazıçısı, şair Covanni Bokkaçço (Giovanni Boccaccio; 1313–1375) anadan olub. Povest və hekayələr toplusu olan “Dekameron” əsərinin müəllifidir.
16 iyun 1754 – Başqırd şairi Salavat Yulayev (1754–1800) anadan olub. Ədəbi yaradıcılığı ilə yanaşı, rus üsyançısı Yemelyan Puqaçovun silahdaşı kimi tarixə düşüb.
16 iyun 1888 – Xalq artisti, teatr xadimi Hacıağa Mütəllib oğlu Abbasov (1888 – 7.5.1975) Bakının Maştağa kəndində doğulub. 1921-ci ildən özünün yaratdığı Tənqid-Təbliğ Teatrına, daha sonra Akademik Dram Teatrına (1927–1929), Bakı Teatr Texnikumuna (1929–1937) rəhbərlik edib. “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Sabirin məhkəməsi” və s. pyeslərin müəllifidir.
16 iyun 1937 – Amerika yazıçısı, ssenarist və dramaturq Erik Siqal (Erich Wolf Segal; 1937–2010) anadan olub.
16 iyun 1939 – Şair, yazıçı, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndan (1939 – 7.1.1999) anadan olub. “Çağlayan”, “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir.
Hazırladı: Vüqar Orxan