Tarixdəki olaylar
14 iyun 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkədə hərbi vəziyyət elan edib. Baş nazir Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Dövlət Müdafiə Komitəsinə (11 iyunda yaradılmışdı) Muğandakı bolşevik təmayüllü qiyamı və ermənilərin Qarabağ və Zəngəzurdakı silahlı çıxışlarını yatırmaq üçün fövqəladə səlahiyyətlər verilib.
14 iyun 1946 – Cənubi Azərbaycanda (Təbriz) Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti süqut edib. 1945-ci ilin 12 dekabrında (21 Azər hərəkatı) elan edilən sol təmayüllü Pişəvəri hökumətinə bölgədəki sovet qoşunları tərəfindən dəstək vardı. Lakin II Dünya müharibəsinin başa çatması ilə sovet qoşunları bölgəni tərk etdilər və Milli Hökumətə qarşı İran şah rejimi tərəfindən repressiyalar başlandı. Bir qrup məsləkdaşı ilə sovet Azərbaycanına mühacirət edən Pişəvəri burada müəmmalı avtomobil qəzasında (1947) həlak oldu.
14 iyun 1985 – Lüksemburqun Almaniya və Fransa ilə sərhədindəki Şengen kəndi yaxınlığında Avropa İttifaqı dövlətləri arasında pasport-viza nəzarətinin sadələşdirilməsi haqqında saziş imzalanıb. Mozel çayında bir gəmidə gerçəkləşən imza mərasiminə 5 dövlət (Lüksemburq, Belçika, Niderland, Almaniya, Fransa) qatılmışdı. Şengen sazişi 1995-ci ildə qüvvəyə mindi və 1999-cu ildə Avropa İttifaqının “Şengen hüququ” adlı sənədlər toplusu ilə əvəzləndi. Hazırda (2025) Şengen zonasına 29 ölkə daxildir.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
14 iyun 1811 – Amerika yazıçısı Harriet Biçer-Stou (Harriet Elizabeth Beecher-Stowe; 1811 – 1.7.1896) anadan olub. “Tom dayının daxması” romanı 20-dən çox dilə tərcümə olunub.
14 iyun 1835 – Yəhudi əsilli pianoçu və dirijor, pedaqoq Nikolay Qriqoryeviç Rubinşteyn (1835 – 23.3.1881) anadan olub. Moskva Konservatoriyasının qurucularından biridir.
14 iyun 1902 – İlk azərbaycanlı heykəltaraş qadın Zivər Nəcəfqulu qızı Məmmədova (1902 – 22.4.1980) Bakıda anadan olub. Görkəmli mədəniyyət xadimlərinin (Ü.Hacıbəyli, Ə.Əzimzadə), hərbçi və əmək qəhrəmanlarının heykəl və büstlərini yaradıb.
14 iyun 1926 – Xalq artisti, tarzən Həbib Əbdülhüseyn oğlu Bayramov (1926 – 15.8.1994) anadan olub. 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışıb, 1973-cü ildən kollektivin bədii rəhbəri olub.
Hazırladı: Vüqar Orxan