Tarixdəki olaylar
12 iyun 1806 – Şuşa yaxınlığındakı Xanbağında Qarabağ xanı İbrahimxəlil xan Cavanşir ailə üzvləri və yaxınları ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirilib. Mayor Lisaneviçin dəstəsi xanın çadırlarına basqın edərək ümumilikdə 17 nəfəri öldürüb. Ruslar bir il öncə (14 may 1805-ci il) Qarabağ xanı ilə bağlanan Kürəkçay müqaviləsinə belə “əməl” etdilər.
12 iyun 1920 – Panama kanalının açılışı olub. Cənubi və Şimali Amerikanı ayıran kanalın tikintisi hələ XVI əsrdə gündəmə gəlmişdi. 1901-ci ildə Panamanı Kolumbiyanın əlindən alan ABŞ Britaniya ilə birlikdə kanalın tikintisinə başlayıb. 81,6 kilometr uzunluğunda olan kanal 1990-cı illərdə Panama dövlətinin nəzarətinə verildi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
12 iyun 1921 – İspan rejissoru Luis Qarsia Berlanqa (Luis Garcia Berlanga Marti; 1921–2010) anadan olub. Satirik kinonun görkəmli nümunələri olan “Xoş gəlmisiniz, cənab Marşall”, “Plasido”, “Cəllad” və s. filmləri çəkib.
12 iyun 1928 – Xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (Muğanna; 1928 – 1.4.2014) Qazax rayonunun Muğanlı kəndində (hazırda Ağstafa rayonu) doğulub. Tarixi və fəlsəfi romanları (“Məhşər”, “Yanar ürək”, “İdeal” və s.) yazıçıya böyük şöhrət gətirib. “Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.
12 iyun 1932 – Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov (1932 – 4.10.2006) Bakıda anadan olub. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996–2006-cı illərdə teatra rəhbərlik edib. Çəkildiyi filmlər: “Ulduz”, “Qanun naminə”, “Onun bəlalı sevgisi”, “Alma almaya bənzər” və s.
12 iyun 1977 – Əməkdar artist Məmmədkəbir Hacı oğlu Kərimov (1906–1977) vəfat edib. Şəki Dövlət Dram Teatrının aktyoru olub.
Hazırladı: Vüqar Orxan