İyunun 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində şair, yazıçı və ədəbiyyatşünas Eldar Əhədovla görüş və onun Azərbaycan dilində nəşr olunmuş “Cıdır düzü” kitabının təqdimatı keçirilib.

Muzeydən bildirilib ki, tədbirdə Eldar Əhədov öz həyat və yaradıcılıq yolu, Azərbaycan bəstəkarları ilə dostluğu haqqında danışıb.

Görüş zamanı vokalçı, bəstəkar Qasım Xəlilov, jurnalist, tarixçi, teleaparıcı Fuad Axundov, Eldar Əhədovun “Cıdır düzü” kitabının tərcüməçisi Əlviz Əliyev çıxış ediblər.

Gənc şairə Lalə Həsənovanın rəhbərliyi ilə təşkil olunmuş bədii hissədə Bayram Məhərrəmov, Samirə Şıxıyeva, Zaur Cəfərov, Ziba Rəsul, Aytən Həsənzadə “Cıdır düzü” kitabından hekayə və şeirləri qiraət edib, gənc pianoçular Ləman Cəfərova və İmran Şıxıyev musiqi nömrələri ifa ediblər.

Bütün çıxışlar Eldar Əhədovun yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.

Sonda Niyazinin mənzil-muzeyinin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov Eldar Əhədovu yeni kitabının təqdimatı münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.