
Azərbaycan Dövlət Rəsm Qalereyası Muzey Mərkəzi ilə birlikdə "Sənin adın nədir?" – gənc rəssamların ilk tanıtım sərgisi üçün əsər qəbulu elan edib.
Qalereyadan verilən məlumata görə, "Sənin adın nədir? sərgisi öz sənətini nümayiş etdirmək istəyən 18-35 yaş arası rəssamlar üçün unikal imkan olacaq.
Layihə gənc istedadlara dəstək vermək, onların yaradıcılığını geniş auditoriyaya təqdim etmək və sənət mühitinə ilk addımlarını atan rəssamlar üçün özünüifadə platforması yaratmaq, sərgi mühitində tanınmalarına dəstək göstərmək məqsədilə həyata keçirilir.
Mövzu seçimi sərbəst və yaradıcı yanaşmalara açıqdır. Sərginin mövzusu çərçivəsində iştirakçılardan fərdi kimlik, daxili dünyaları, emosional təcrübələr və ya ətraf mühitə münasibətlərini əks etdirən müxtəlif səpkidə əsərlər təqdim etmələri gözlənilir.
Rəngkarlıq, qrafika və müxtəlif texnikalarda çalışan bütün gənc rəssamlar sərgiyə qatılmağa dəvət olunur.
Rəssamlar müraciət üçün əsərin fotosunu, ölçüsü (minimum 0.35 m²), müəllifin adı, soyadı, əlaqə nömrəsi qeyd olunmaqla, h.asadzada@medeniyyet.az elektron ünvanına göndərə bilərlər.
Əsərlər komissiya tərəfindən seçiləcək və hər iştirakçının yalnız 1 əsəri sərgilənəcək.
Sərgi iyulun 3-də (saat 18:00) Muzey Mərkəzində keçiriləcək.
Son müraciət tarixi: 21 iyun 2025-ci il
Əlaqə üçün: 070 493 54 31