Azərbaycan Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin əsərləri İstanbulda keçirilən V Beynəlxalq Çağdaş Sənət Sərgisində nümayiş etdirilir.

“ArtContact İstanbul” mövzusunda təşkil edilən tədbirdə dünyanın 42 ölkəsindən mindən artıq müəllifin müxtəlif mövzu və üslublarda əsərləri sərgilənir.

Sərgidə Azərbaycan Rəssamlıq Akademiyası nəzdində Rəssamlıq Kollecinin direktoru Elşad Əhmədov, akademiyanın müəllim-rəssam və heykəltaraşları Bəxtiyar Yusufov, Ramil Məmmədov, Rahib Qarayev, Jalə Əliyeva, Namiq Hüseynov, Fərhad Dadaşzadə, Nəzrin Xələfova və Fəxriyə Əliyevanın əl işləri yer alıb.

Bu il beşinci dəfə keçirilən sərgidə gənc rəssamlarımızın iştirakı Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Azərbaycanın Əməkdar rəssamı, professor Teymur Rzayevin təşəbbüsü ilə reallaşıb.

Sərgidə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı rəssamlar Əhməd Rza, Tarıyel və Pərvanə Əlizadələr və Vaqif Zeyidquliyevin də əsərləri nümayiş etdirilib.

Bundan əlavə, Teymur Rzayevin təşəbbüsü ilə sərgi məkanında uzun illər Türkiyədə fəaliyyət göstərmiş rəssam Ziyad Sultanovun xatirəsinə həsr edilən xüsusi stend yaradılıb.