Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında 28 May – Müstəqillik Günü münasibətilə konsert keçirilib.
Teatrdan bildirilib ki, tədbirdə əvvəlcə simfonik orkestr və xorun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsertdə baş dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, baş xormeyster, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə xor kollektivi, həmçinin teatrın balet truppası və solistləri iştirak ediblər.
Gecədə Xalq artistləri Nəzakət Teymurova, Gülnaz İsmayılova, Gülyaz Məmmədova, Elçin Həşimov, Əməkdar artistlər İlahə Əfəndiyeva, Gülüstan Əliyeva, Təyyar Bayramov, İlkin Əhmədov, Arzu Əliyeva, Cahangir Qurbanov, Fərid Əliyev, Elnur Əhmədov, Elnur Zeynalov, Anar Mikayılov, Makar Ferştandt, solistlər Fatimə Cəfərzadə, Gülzar Fərəcova, Atəş Qarayev, Orxan Cəlilov, Fuad Əzizzadə, Mirəli Sarızadə, Taleh Yahyayev, Fəhmin Əhmədli, Ayan Eyvazova, Liana Mirabdullayeva, eləcə də Beynəlxalq Muğam Mərkəzinin musiqiçiləri - Əməkdar artist Çinarə Heydərova (qanun), Yusibli Vasif (ud), Mustafayev Amil (nağara), həmçinin Əməkdar artistlər Əliağa Sədiyev (tar) və Xəyyam Məmmədov (kamança) çıxış ediblər.
Konsert proqramında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgər və Gülçöhrə dueti, Fikrət Əmirovun “Azərbaycan elləri”, Niyazinin "Vətən nəğməsi", Tofiq Quliyevin “Bakı, əziz şəhər”, Rauf Hacıyevin “Bakı haqqında mahnı”, Polad Bülbüloğlunun “Şən Azərbaycan”, Müslüm Maqomayevin “Odlar ölkəsi”, Şəfiqə Axundovanın “Mehriban olaq”, Bəhram Nəsibovun “Qarabağ”, Əlibaba Məmmədovun “Mənim Azərbaycanım”, Xan Şuşinskinin “Şuşanın dağları” mahnıları yer alıb.
Balet truppası Üzeyir Hacıbəylinin “Koroğlu” operasından fraqment, Rauf Hacıyevin “Azərbaycan süitası” və Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletindən “İgidlərin rəqsi”ni ifa edib.
Konsert proqramını teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərtib edib. Musiqi axşamının aparıcısı Samirə Mustafayeva olub.