AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış və Azıx mağarasında tədqiqatlar aparmış beynəlxalq arxeoloji ekspedisiyanın elmi heyəti yenidən Azərbaycana gəlib. Onlar 2023-cü ildə başladıqları tədqiqatları davam etdirəcəklər. Azərbaycan tərəfindən institutun aparıcı elmi işçisi Azad Zeynalovun həmrəhbərliyi ilə fəaliyyət göstərən  ekspedisiyanın tərkibinə Danimarka, Norveç və Almaniyadan alimlər daxildir.

Bu barədə institutdan məlumat verilib.

Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri ilə görüşdə 2023-cü ildə Danimarkanın Orhus Universiteti ilə imzalanan razılaşmanın müddəalarına uyğun olaraq birgə tədqiqatların nəticələrindən məmnunluğunu və bu əməkdaşlığın yeni elmi uğurlar gətirəcəyinə inamını bildirib. “İşğal dövründə Azıx mağarasında və bir sıra digər abidələrdə işğalçılar tərəfindən qeyri-qanuni tədqiqatlar aparılıb. Bu tədqiqatlar beynəlxalq və respublika qanunlarının ciddi pozuntusu idi. Hazırda isə artıq sizin iştirakınız ilə azad edilmiş ərazilərdə hüquqi və etik normalara tam uyğun beynəlxalq tədqiqatlar aparılmaqdadır”, - deyə o əlavə edib. 

Elmi ekspedisiyanın Danimarkadan olan həmrəhbəri, Orhus Universitetinin Geologiya elmləri departamentinin professoru Mads Faurschou Knudsen Azərbaycanda birgə arxeoloji tədqiqatda iştirak etməsini böyük uğur kimi qiymətləndirib. Qeyd edib ki, Azıx mağarası qədim insanın Afrikadan dünyaya yayılması kimi elm qarşısında duran mühüm mövzunun araşdırılmasında bir sıra problemlərə yetərincə işıq sala biləcək abidədir. Bildirib ki, Orhus Universiteti Azərbaycan arxeologiyasında arxeometrik tədqiqatların aparılması və aidiyyəti elmi-tədqiqat sahələri üzrə mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlığa hazırdır.

Daha sonra beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri öz tədqiqat sahələri barədə məlumat veriblər.