Fırçası ilə kətanlara həyat verən, dərsliklərə isə rəngli düşüncələr köçürən bir sənətkarın hekayəsidir bu... Həm yaradıcı, həm də pedaqoq kimi Təranə Əhmədovanın həyatı incəsənətin biliklə necə harmoniya yaratdığının bariz nümunəsidir. Onun üçün hər bir dərs, şagirdlərinin qəlbinə toxunan bir rəsm, təlim və sənət isə bir-birini tamamlayan iki sevgidir desək, yanılmarıq.
Kiçik yaşlarından rənglərlə danışan, boyaların dilindən anlayan Əhmədova Təranə Cahid qızı 1986-cı ildə Bakda doğulub. 2003-cü ildə 246 nömrəli məktəb-liseydən məzunu olub. Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə ali təhsil alıb.
Universitet illərində rəssamlığın texniki incəliklərini mənimsəyərək müxtəlif texnikalarda əsərlər yaradıb. Diplom işi olan "Azərbaycan – doğma diyar" tablosu ideya zənginliyi ilə də diqqəti üzərinə çəkməyi bacarıb. Kətan üzərində yağlı boya ilə işlənən əsərdə müəllif üçrəngli bayrağımızın fonunda qədim qaya təsvirləri, Azərbaycanın tarixi abidələri, xalq çalğı alətləri və milli geyimdə olan gənclərimizi bir arada təsvir edərək uğurlu kompozisiya ərsəyə gətirib. Müəllimi Əməkdar rəssam Rais Rəsulzadənin "Bu qızın fırçasında vətən sevgisi var" dediyi o an taleyinin rəngləri də dəyişib. Sənətkar əsəri yüksək dəyərləndirərək rəy verib. "Azərbaycan – doğma diyar" tablosu Təranə xanımın yaradıcılıq dünyasının manifestinə çevrilib.
Rəssamın pedaqoji fəaliyyəti paytaxtdakı Laçın rayonu Mehman Səfərov adına məktəbdə başlayıb. Hazırda isə akademik Zərifə Əliyeva adına liseydə və Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc istedadlar” liseyində təsviri sənət müəllimi kimi çalışır. Bununla bərabər Azərbaycan Dövlət İqtisad Universitetində “Menectment sahələri üzrə idarəetmə ixtisası” üzrə təhsil alır.
Daim yaradıcılıq axtarışında olan rəssam öz yaradıcılığında qrafikanın dəqiq xətlərini rəngkarlığın canlı palitrası ilə birləşdirir. "Nar ilə natürmort", "Qızılgüllərlə natürmort", "Pəncərədən görünüş", “Azərbaycan bir rəssamın gözündə” kimi yağlı boya işləri, eləcə də "Novruzun ətri", "Rəsmlərdə Nəsimi" və s. qrafik əsərləri rəng harmoniyası və ideya dərinliyi ilə seçilir.
2020-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Təranə Əhmədova bir sıra sərgilərdə iştirak edib, mükafatlara layiq görülüb. Onun üçün rəssamlıq təkcə texnika deyil, dünyaya fərqli baxmaq sənətidir. Gənc rəssamın ən böyük arzusu şagirdlərinə bu sənəti sevdirmək, onların qəlblərinə rənglər vasitəsilə toxunmaqdır.
Pedaqoq rəssam uşaqlar üçün tanınmış rəssamlarla görüşlər, sərgilər və yaradıcılıq düşərgələri təşkil etməklə onların həm bacarıqlarını, həm də milli mənlik şüurunu inkişaf etdirir. Təranə müəllim ənənəvi üsullardan uzaqlaşaraq şagirdlərinə “görməyi” öyrədir. Hər zaman şagirdlərinə deyir: 'Bayrağımızın üç rəngi kimi siz də üç istiqamətdə inkişaf etməlisiniz – bilik, yaradıcılıq və məhəbbətlə”. Rəssamın pedaqoji fəlsəfəsi sadədir: "İncəsənət yalnız çəkmək deyil, görmək bacarığıdır." Buna görə də onun yetişdirdiyi hər bir uşaq yalnız rəssam deyil, həm də dünyanı gözəlliklə qəbul edən bir sənətsevər kimi böyüyür.
Ziyarət Qəhrəmanova-Cabarova
sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi