Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Azərbaycanın böyük satirik şairi, mütəfəkkir, maarifçi Mirzə Ələkbər Sabirin (1862–1911) anadan olmasının 163-cü ildönümünə həsr edilmiş “Gəl, gəl, a yaz günləri” adlı ədəbi-bədii tədbir keçirilib.

RMİ-dən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə şairin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

“Hophopnamə” Kitab Mərkəzində davam edən tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, Sabirin Azərbaycan ədəbiyyatı tarixindəki yeri, onun yaradıcılığının gənc nəslin tərbiyəsindəki rolu barədə fikirlərini bölüşüblər.

Sonra Sabirin həyat və yaradıcılığı ilə bağlı məruzələr dinlənilib, söz ustadının irsinin bu gün də aktual olduğu vurğulanıb.

Tədbirin bədii hissəsində Sabirin yaradıcılığı əsasında İmişli Uşaq incəsənət məktəbinin müəllimi Elnur Məcidovun ifasında “Oxutmuram, əl çəkin!” mahnısı, Sabirabad Sosial İqtisad Kollecinin tələbələrinin ifasında “Satılır” şeiri səslənirilib, bədii kompozisiya nümayiş olunub.