Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) mədəniyyətimizin, tariximizin və ana dilimizin təbliği istiqamətində davamlı layihələr həyata keçirir.
AMM-nin layihəsi və Ankara Qazi Universitetinin dəstəyi ilə sözügedən universitetdə “Azərbaycan dilinin tədrisi ocağı” yaradılıb.
Mayın 30-da universitetdə “Azərbaycan dilinin tədrisi ocağı”nın və Azərbaycan türkcəsi kurslarının açılış mərasimi olub.
Mərasimdə Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova, Qazi Universitetinin rektoru Uğur Ünal, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, AMM-nin rəhbərliyi, mədəniyyət xadimləri iştirak ediblər.
“Azərbaycan dilinin tədrisi ocağı”nın rəmzi açılış lenti kəsilib.
“Azərbaycan dilinin tədrisi ocağı”nın müəllimi Şəhla İbişova bildirib ki, bu ocaq ortaq tariximizin, “Bir millət, iki dövlət” anlayışının xüsusilə hiss olunduğu bir məkan olacaq: “Biz burada birlikdə Azərbaycan tarixindən danışacağıq, klassik şeirləri, folklor nümunələrini dinləyəcəyik” deyən Şəhla İbişova bütün dərs vəsaitlərinin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin olunacağını bildirib.
Qazi Universitetinin rektoru professor Uğur Ünal Ankara ilə Bakı arasındakı köklü tarixi əlaqələrdən danışıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “İki dövlət, bir millət” kəlamlarını xatırladan rektor bildirib ki, universitetdə Azərbaycan dilinin tədrisi məkanının olması çox vacibdir. Rektorluq olaraq bu təşəbbüsə dəstək verməyə davam edəcəyik.
Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova da AMM-in layihəsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Azərbaycan dilinin tədrisi ocağı” iki qardaş ölkə arasında mədəni əlaqələrin dərinləşməsinə xidmət edəcək.
AMM-nin direktoru Samir Abbasov ölkəmizin qədim tarixi və zəngin mədəniyyətini qardaş ölkədə tanıtmaq istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Qazi Universitetində yaradılan bu tədris ocağında Azərbaycana dair nəşrlərdən ibarət kitabxana da təşkil olunub və fonddan bütün gənclər faydalana biləcək. “Azərbaycan dili kursları yalnız Qazi Universitetinin tələbələri üçün deyil, digər universitetlərin tələbələri və dilə maraq göstərən bütün şəxslər üçün açıq olacaq”, – deyə S.Abbasov əlavə edib.
Qeyd edək ki, dərslərdə informasiya texnologiyalardan istifadə ediləcək, audio-video materiallar, filmlər nümayiş etdiriləcək, müasir interaktiv tədris metodikaları tətbiq olunacaq.
Təhsil prosesi təcrübəli pedaqoq tərəfindən ödənişsiz şəkildə aparılacaq. Kurs iştirakçılarının tanınmış azərbaycanlı ictimaiyyət və mədəniyyət xadimləri ilə görüşləri də təşkil ediləcək. Həmçinin ana dilimizdə Azərbaycan, onun tarixi nailiyyətləri ilə zəngin milli mədəniyyəti ilə bağlı müzakirələr təşkil olunacaq.
***
Azərbaycan Mədəniyyət Mərkəzlərinin yaradılması Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasətə uyğun olaraq diplomatiyanın mədəni komponentinin həyata keçirilməsini özündə ehtiva edir. Ölkəmizi dünyada daha çox tanıtmaq və sevdirmək, mövqeyini möhkəmləndirmək baxımından bu mərkəzlərin rolu böyükdür.
Bu sözləri Ankarada AZƏRTAC-a açıqlamasında Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova söyləyib.
Mərkəzin layihəsi ilə Qazi Universitetində yaradılan “Azərbaycan dilinin tədrisi ocağının” və Azərbaycan dili kurslarının açılışında iştirak edən S.Yusifova bildirib ki, Azərbaycan Mədəniyyət mərkəzləri dövlətimizin “yumşaq gücünü” ehtiva edir.
Onun sözlərinə görə, mədəniyyət bütün dünyada açıla bilməyən qapıları açan faktordur: “Bu baxımdan biz insanların qəlblərini öz mədəniyyətimizlə qazanmağa çalışmalıyıq. Ona görə də yalnız dövlətlər arasında deyil, insanlar arasında da qəlb bağlılığını qurmaq üçün mədəni dialoqa böyük ehtiyac var”.
Ankara Rəsm və Heykəllər Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunan “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin açılışının da olacağını deyən S.Yusifova bildirib ki, bu tarixi keçmişimizə bir ekskursiyadır: “Biz göstərmək istəyirik ki, öz irsimizi unutmuruq, tarixi Qərbi Azərbaycan torpaqlarında yaradılan irsi qorumağı bu gün də davam etdiririk”.
S.Yusifova qeyd edib ki, sərgidə Qərbi Azərbaycan torpaqlarında yaradılan mədəniyyətimizin elementlərini nümayiş etdirməklə, öz tarixi keçmişimizə və eyni zamanda gələcəyimizə bağlılığımızı göstəririk. “Keçmişini unudan gələcəyini də qura bilməz. Əslində, bu, keçmişlə gələcək arasında körpüdür. Bu tədbir irsimizin bizim üçün nə qədər əziz olduğunu göstərməyə hədəflənib və bu yanaşmanı bundan sonra da davam etdirəcəyik”, - deyə nazir müavini vurğulayıb.