Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin (BDU) bir qrup magistrantı Türkiyədə təcrübə keçib.
İyunun 12-də nazirlikdə magistrantlara qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin sertifikatları təqdim olunub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin əhəmiyyətini vurğulayıb, magistrantlara uğurlar arzulayıb.
Layihə Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının iclaslarında əldə edilmiş razılığa uyğun olaraq həyata keçirilib.
BDU-nun magistrantları ezamiyyət zamanı Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Hüquq Müşavirliyi və mədəni sərvətlərin bərpası üzrə laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olublar. Tələbələr abidələrin bərpa və konservasiyası, qorunması sahəsində Türkiyənin qabaqcıl mütəxəssisləri ilə görüşüb, laboratoriyalarda bərpa prosesini əyani şəkildə izləyiblər. Bundan əlavə, proqram çərçivəsində tələbələr mədəniyyət sərvətlərinin ölkədən qanunsuz çıxarılması və gətirilməsinin qarşısının alınmasına yönələn UNESCO-nun 1970-ci il Konvensiyasının tətbiqi ilə bağlı məlumat alıblar.
Səfər çərçivəsində magistrantlar Türkiyə inzibati məhkəmə orqanı – Danıştay, Ankara Bölgə İdarə Məhkəməsi və ölkəmizin Türkiyədəki səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzində də olub, qurumların fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.