Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə Opera Günləri davam edir. Layihə çərçivəsində  Milli Xalça Muzeyində opera sənətinə həsr olunmuş forum keçirilib.

Tədbiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirəzqızı açaraq musiqi mədəniyyətinin tərkib hissəsi kimi opera janrının xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, opera musiqi sənətinin ən mürəkkəb, çoxşaxəli sahələrindən biridir. Dahi Üzeyir Hacıbəyli 1908-ci ildə tamaşaya qoyulan “Leyli və Məcnun” operasında Avropa opera sənətini Azərbaycanın milli musiqi ənənələri ilə birləşdirməyə nail olub və bununla bütün Şərq aləmi üçün əhəmiyyətli olan unikal janrın əsasını qoyub.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq elmlər doktoru, dosent Leyla Zöhrabova “Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərindən “Koroğlu” operasınadək təşəkkül yolu” mövzusunda məruzəsində Azərbaycan opera sənətinin inkişafını təhlil edib. Vurğulayıb ki, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operası sadəcə janr yeniliyi deyil, əsl mədəni sıçrayış idi: “Bu əsərdə biz muğam, təsnif və ənənəvi musiqi elementlərinin əsl mahiyyətini itirmədən necə yeni səhnə forması aldığını görə bilərik. Dahi bəstəkar təkcə muğamlar əsasında opera yaratmağa deyil, Azərbaycan musiqisində simfonik təfəkkürə yol açmağa çalışırdı. Məhz bu səbəbdən də muğam quruluşu ilə üzvi surətdə bağlı olan simfonik epizodlar artıq operanın müqəddiməsində görünür"

Tədbirdə daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist Əyyub Quliyev “Opera sənətində dirijorluq ənənələri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva “Firəngiz Əlizadənin “İntizar” operasında vətənpərvərliyin tərənnüm edilməsi” mövzusunda məruzələrini təqdim ediblər.