Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) Qusar rayon MKS-nin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nəriman Nərimanov adına Mərkəzi istirahət parkında “Oxu bayramı” keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən tədbirdə “Bir ömrün salnaməsi”, “Qələbəyə aparan lider İlham Əliyev”, “Mirzə Qədim İrəvani-200”, “Seyid Əzim Şirvani-190”, “Üzeyir Hacıbəyli-140”, “Maqsud İbrahimbəyov-90”, “2025-ci il Konstitusiya və Suverenlik ilidir. Müstəqilliyimiz əbədidir”, “Azərbaycan yurdum mənim”, “Yeni kitablar”, “Qədim yurd yerimiz - Qərbi Azərbaycan” və başqa mövzularda stendlər nümayiş olunub. Müxtəlif mövzularda və dillərdə ümumilikdə 120-dən çox adda kitablar, yeni nəşrlər sərgilənib.

Qusar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev, YAP rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, Quba-Xaçmaz RMİ-nin mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi – Qusar rayonu üzrə nümayəndə Elvira Hacıbalayeva və digər çıxış edənlər Heydər Əliyevin dövlətçilik tariximizdəki əvəzsiz rolundan, onun milli-mənəvi dəyərlərin qorunmasına və gənclərin intellektual inkişafına qayğısından bəhs ediblər.

Çıxışlarda oxu mədəniyyətinin formalaşdırılması, gənclərdə analitik təfəkkürün, bədii zövqün inkişaf etdirilməsi istiqamətində kitabxanaların və mədəniyyət ocaqlarının rolu vurğulanıb. Bildirilib ki, "Oxu bayramı" kimi layihələr bu baxımdan mühüm platformadır və gələcəkdə bu tədbirlərin daha geniş miqyasda təşkili vacibdir.

Fəal oxucular diplomlarla təltif olunub, yerli sənətçilərin və uşaqların ifasında musiqi nömrələri səsləndirilib, rəqs nümunələri təqdim edilib.

 Nurəddin