Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Ləman Əhədovanın şagirdləri Üzeyir Hacıbəylinin Ev-Muzeyində konsert proqramı təqdim ediblər.

“Üzeyir bəyin kiçik qonaqları” adlı konsert dahi bəstəkarın 140 illiyinə həsr olunub.

Muzeyin direktoru Xalq artisti, bəstəkar Sərdar Fərəcov hər kəsi salamlayaraq Niyazi adına musiqi məktəbinin ona çox doğma olduğunu vurğulayıb, xatirələrini danışıb.

Qonaqlar üçün muzeyə qısa ekskursiya da təşkil edilib.

Sonra məktəbin fortepiano ixtisası üzrə şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Proqramda Q.Qarayev – "Eskiz" və "İnsan məskən salır" kinofilminə musiqi, P.İ.Çaykovski – “Aprel. Yazgülü”, S.Raxmaninov – "Polişinel" və s. əsərlər səsləndirliib.

Sonda Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin direktoru Əməkdar müəllim İlhamə Ağayeva Ləman Əhədovanı və şagirdlərini xoş sözlərlə təbrik edib.