İyunun 13-də Dövlət Turizm Agentliyi (DTA) və “Şahdağ” Turizm Mərkəzi yay mövsümünün açılışı ilə əlaqədar media nümayəndələri üçün mediatur təşkil edib.
Mediatur Azərbaycanda yay turizminin inkişafı və təbliğinə dəstək üçün DTA tərəfindən həyata keçirilən tədbirləri, o cümlədən mövcud turizm destinasiyalarını və xidmətləri geniş ictimaiyyətin diqqətinə çatdırmaq, həmçinin "Şahdağ" Turizm Mərkəzində aparılan infrastruktur yenilikləri və burada yaradılan yeni imkanlarla bağlı məlumatlandırma məqsədilə reallaşıb.
Tədbir çərçivəsində turizm sənayesinin yay turizm mövsümünə hazırlığını, eləcə də “Şahdağ”da yay mövsümündə turistlər üçün nəzərdə tutulan mövcud və yeni turizm məhsullarını əhatə edən təqdimatlar olub.
DTA sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, 2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11.5 milyard manata, turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8,2 faizə, turizm üzrə daxilolmaların 7.4 milyard manata çatacağının proqnozlaşdırılır. Həmçinin bu dövr ərzində regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 faizə, turizm sənayesinin muzdlu əmək bazarındakı payının isə 5,8 faizə yüksələcəyinin gözlənilir.
DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova, ilkin qiymətləndirmələrə görə, ötən il turizm sektorunun ölkə iqtisadiyyatında 4,5 faiz, o cümlədən qeyri-neft və qaz sektorunda isə 6,7 faiz payı olduğunu qeyd edib. O, həmçinin 2018-2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti növü üzrə ÜDM istehsalının illik orta hesabla 3,8 faiz artdığını, bunun nəticəsində 7 il ərzində bu sektorda yaradılan əlavə dəyərin 30 faiz yüksələrək 2024-cü ildə 3.1 milyard manata çatdığını bildirib. Günay Bayramova 2017-2024-cü illərdə mehmanxana və mehmanxana tipli müəssisələrin sayının 44,4 faiz, onların birdəfəlik tutumunun isə 62 faizə yaxın artığını vurğulayıb.
“Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov yay mövsümü ilə əlaqədar ərazidə və hotellərdə mövcud infrastrukturun təkmilləşdirildiyini, yenidənqurma və bərpa işlərinin aparıldığını, o cümlədən kanat xətlərinin, qonaqlara təklif olunan əyləncə növlərinin və atraksionların texniki baxışdan keçirilərək hazır vəziyyətə gətirildiyini qeyd edib. O, paralel olaraq gələn ilin mart ayında "Şahdağ"da keçiriləcək Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışları ilə bağlı infrastruktur işlərinə başlanıldığını, yeni 10 kilometrlik xizək yolunun inşasının aparıldığını, bununla yanaşı bu ilin sonuna 124 nömrəlik yeni “Lakeside” hotelinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib. Rüstəm Nəcəfov kompleksin inkişafının və genişləndirilməsinin mərhələli şəkildə həyata keçirildiyini və aparılan işlərin davamlı xarakter daşıdığını bildirib.
Mediatur çərçivəsində media nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan turizm xidmətləri ilə tanış olub, atraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə ediblər.