İyunun 11-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ADA Universiteti və “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun birgə təşkilatçılığı ilə “Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirilib.

Tədbir Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunub.

Elmi sessiyanı Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov açaraq Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yola nəzər salıb. Bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü əsasında nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız xalqımızın maariflənməsində, milli kimliyimizin formalaşmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb.

Rafael Hüseynov “Əkinçi” qəzetindən (1875-1877) 1920-ci ilə qədər nəşr olunan Azərbaycan mətbuatı nümunələri haqqında söz açıb, 1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin”, 1911-1920-ci illərdə Azərbaycan dilində nəşr olunan “Məktəb", 1915-1916-cı illərdə çap edilən ədəbi və ictimai-siyasi satirik “Babayi-Əmir” jurnalları, digər qəzet və jurnallar barədə danışıb. Vurğulayıb ki, həmin dövrlərdə işıq üzü görən nəşrlər insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verib.

Azərbaycanın mətbuat tarixində mühüm yer tutan şəxsiyyətlərdən söz açan akademik həmin görkəmli ədiblərin müxtəlif qəzet və jurnalların səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərdiklərini söyləyib.

Vurğulayıb ki, müstəqillik bərpa edildikdən sonra mediamızın inkişafı Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli lider hakimiyyətdə olduğu bütün dövrlərdə jurnalistikanın cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirib, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirib, ölkəmizdə media orqanlarının sərbəst fəaliyyəti, mətbuat problemlərinin həlli istiqamətində təşəbbüs göstərib, mühüm qərarlar qəbul edib.

Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Rafael Hüseynov qeyd edib ki, ölkəmizdə mediaya ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Sonra “Bu günümüzə qayıdan söz abidələri” adlı məruzəsini təqdim edən Rafael Hüseynov ADA Universitetinin tariximizin zəngin sənəd və hadisələrinin araşdırılması, Azərbaycan xalqının tarixi mirasının qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi transliterasiya layihələrinin önəmindən danışıb. O, ADA Universitetinin müasir əlifbamızda izahlar, qeydlər və indeks əlavəsi ilə orijinal ölçü və səhifə tərtibatına uyğun olaraq çap etdirdiyi jurnalların mətbuat və təhsil tariximizin işıqlandırılmasına, eləcə də dövrün mənzərəsinin daha yaxşı anlaşılmasına xidmət etdiyini söyləyib.

Akademik transliterasiya edilmiş jurnalların Azərbaycan milli mətbuatının 150 illiyinə dəyərli töhfə olmaqla yanaşı, tarixi keçmişimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından qiymətli mənbə kimi səciyyələndirib, bu işdə əməyi olanlara təşəkkür edib.

“Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva, tərcüməçi, filoloq, transliterasiya mütəxəssisi Azad Ağaoğlu, muzeyin elmi işçisi Aytən Hüseynova çıxış edərək ADA Universitetinin dəstəyi ilə nəşr olunan “Əfkari-mütəəllimin” məktəbli (1919), “Babayi-Əmir” satirik (1915-1916) və “Məktəb” elmi-pedaqoji (1911-1920) jurnallarının mühüm tarixi məlumatları ehtiva edən əvəzsiz mənbə olduğunu söyləyiblər.

Çıxışlarda qeyd olunub ki, jurnallar transliterasiya edilǝrkǝn mǝtnin orijinallığı qorunur, nəşrlərin ölçülǝri vǝ sǝhifǝ tǝrtibatı olduğu kimi saxlanılır, sonra jurnalların orijinal nüsxǝlǝri tam hǝcmdǝ ǝlavǝ edilir.

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək uzun müddət tarixi biliklərin əski əlifbada yazılması səbəbindən geniş kütləyə əlçatan olmadığını söyləyib, ADA Universitetinin təşəbbüsü ilə həyata keçirilən transliterasiya layihələrinin həm nəzəri bilik, həm də tarixi kontekst baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Sonda ADA Universitetinin dəstəyi ilə nəşr olunan “Əfkari-mütəəllimin” məktəbli, “Babayi-Əmir” satirik və “Məktəb” elmi-pedaqoji jurnalları ictimaiyyətə təqdim edilib.