Tarixdəki olaylar
11 iyun 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin sədrliyi ilə Dövlət Müdafiə Komitəsi yaradılıb. Həmin dövrdə ölkənin müxtəlif bölgələrində baş qaldıran qiyamlar (Muğan-Lənkəran bölgəsində bolşeviklər tərəfindən təşviq edilən rusların (molokanların) qiyamı, Qarabağ, Naxçıvan və Zəngəzurda ermənilərin Cümhuriyyət əleyhinə silahlı çıxışları) hökuməti bu addıma məcbur etmişdi.
11 iyun 1993 – Azərbaycanla Belarus Respublikası arasında diplomatik münasibətlər qurulub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
11 iyun 1864 – Alman bəstəkarı, dirijor Rixard Ştraus (Richard Strauss; 1864 – 9.9.1949) anadan olub.
11 iyun 1892 – Azərbaycanın Xalq artisti, opera müğənnisi Aleksandr Aleksandroviç Drozdov (1892 – 15.6.1968) Omskda (Rusiya) anadan olub. 1935-ci ildən Azərbaycan Opera və Balet Teatrında çalışıb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
11 iyun 1899 – Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968) Yasunari Kavabata (1899 – 16.4.1972) anadan olub. “Dağın naləsi”, “Köhnə paytaxt” romanlarının müəllifidir.
11 iyun 1910 – Fransız dəniz səyyahı, fotoqraf, ixtiraçı Jak İv Kusto (Jacques-Yves Cousteau; 1910 – 25.6.1997) anadan olub.
11 iyun 1913 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova (1913 – 2.11.1988) Bakıda doğulub. 1938-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb, xarakterik obrazların parlaq ifaçısı olub. “Almaz”, “Onu bağışlamaq olarmı?”, “İnsan məskən salır” filmlərində çəkilib.
11 iyun 1923 – Əməkdar rəssam Mahmud Əzizağa oğlu Tağıyev (1923–2001) Bakıda anadan olub. Sovet tikililərini təsvir edən tabloların, portret janrında (“Dədə Qorqud”, “Səməd Vurğun”) əsərlərin müəllifidir.
11 iyun 2020 – Xalq artisti, xanəndə Teymur Ağaxan oğlu Mustafayev (10.4.1939 – 2020) vəfat edib. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
Hazırladı: Vüqar Orxan