
AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyi münasibətilə keçirilmiş “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda respublika elmi konfransının materialları kitab şəklində nəşr olunub.
Bu barədə institutdan məlumat verilib.
Kitabda respublikanın müxtəlif elm və təhsil müəssisələrindən olan alim və tədqiqatçıların, eləcə də Özbəkistanın Urgənc Dövlət Universiteti və Nəvai Dövlət Pedaqoji İnstitutundan olan alimlərin Məhəmməd Füzulinin zəngin bədii yaradıcılığında folklor qaynaqlarının, milli-mənəvi dəyərlərin araşdırılmasını əhatə edən məqalələri toplanıb.
Məqalələrdə Məhəmməd Füzulinin yaradıcılığı Şərq mədəniyyəti, türk milli-mədəni dəyərlər sistemi və folklorla müqayisəli şəkildə təhlil olunub.
Nəşrin elmi redaktoru akademik Muxtar Kazımoğlu-İmanov, tərtibçiləri filologiya elmləri doktoru, dosent Leyla Məmmədova və filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanovadır.