10-11 iyun tarixlərində Qazaxıstanın Türküstan şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun və Türküstan Vilayəti İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Türk dünyasının memarları və bərpaçıları” II Beynəlxalq Simpoziumu keçirilib.

Simpoziumun açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Türküstan vilayəti akiminin müavini Yertay Altayev, ICESCO-nun irs üzrə eksperti Osama Elnahas çıxış ediblər.

Plenar iclasda türk ölkələrinin elmi institutlarının nümayəndələrinin məruzələri dinlənilib. Məruzələrdə memarlıq irsinin araşdırılmasında müasir texnologiyaların tətbiqi, bərpa metodları, ənənəvi tikinti materialları və iqlim şəraitinin abidələrin qorunmasına təsiri kimi məsələlərə xüsusi diqqət yetirilib.

“Türk mədəni irsi abidələrinin tarixi-mədəni əhəmiyyəti və tədqiqi”, “Memarlıq abidələrinin qorunması və bərpası” mövzularında təşkil olunan panel sessiyalarda türk mədəni irsinin abidələrinin tarixi və mədəni dəyəri, bərpa işlərində rəqəmsal həllər, profilaktik konservasiya və mədəni irsin qorunmasında fənlərarası yanaşmalar müzakirə olunub. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan mütəxəssislər təcrübələrini bölüşüblər.

Azərbaycanı simpoziumda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Zaur Həsənov təmsil edib.

Simpozium çərçivəsində böyük ensiklopedik əsər – Mahmud Kaşğarinin “Divani Lüğat-it-Türk” kitabının 950 illiyinə həsr olunmuş sərgi təşkil edilib, Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin mədəniyyət mərkəzində  “Min zaman – bir Türküstan” adlı musiqili tamaşa nümayiş olunub.

İştirakçılar üçün Arıstan-bab və Xoca Əhməd Yəsəvi türbələrinin yerləşdiyi Otrar rayonuna səfər də təşkil edilib.

Tədbir Türk dünyasının ortaq irsinin qorunması və tanıdılması sahəsində elmi-praktiki əməkdaşlığa mühüm töhfə olub.