Tarixdəki olaylar
10 iyun 1942 – Alman faşist qoşunları Çexiyanın Liditse qəsəbəsində qətliam həyata keçiriblər. Faşist idarəçisinin öldürülməsinə cavab olaraq qəsəbənin bütün kişi əhalisi (172 nəfər) güllələnib. 200-dək qadın və uşaq isə konslagerə göndərilmiş və onların təxminən yarısı da orada ölmüşdü. Müharibədən sonra Liditsedə memorial muzey yaradıldı.
10 iyun 1944 – Almaniya qoşunları Fransanın Oradur-sür-Qlan qəsəbəsində də kütləvi qətliam törədiblər. Ümumilikdə qəsəbənin 640-dək sakini qətlə yetirilmişdi. Müharibədən sonra qəsəbə bərpa edilmədi və xarabalıqlar açıq səma altında xatirə muzeyinə çevrildi. Yaxınlıqda isə eyniadlı yeni qəsəbə inşa edildi.
10 iyun 2000 – Prezident Heydər Əliyev Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının sammitində iştirak edib. Zirvə gedişində Pakistan Prezidenti Pərviz Müşərrəf Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa çağıran sərt bəyanat verib. O, zərurət yaranarsa, Azərbaycana hərbi kömək göstərəcəklərini bəyan edib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
10 iyun 1819 – Fransız rəssamı Jan Dezire Qustav Kurbe (Jean-Desire-Gustave Courbet; 1819–1877) anadan olub.
10 iyun 1904 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Məmməd Arif (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə; 1904 – 27.12.1975) anadan olub. Elmi tədqiqatlarla yanaşı, şeir və hekayələrin də müəllifidir.
10 iyun 1910 – Əməkdar artist Anatoli Semyonoviç Urvantsev (1910–1971) anadan olub. Akademik Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.
10 iyun 1915 – Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1976) Sol (Solomon) Bellou (Saul Bellow; 1915–2005) anadan olub. Əsərləri: “Yerlə göy arasında”, “Qurban”, “Yağışlar hökmdarı Henderson”, “Hersoq”, “Oğru” və s.
10 iyun 1929 – Rus müğənnisi, SSRİ-nin, Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Georgiyevna Zıkina (1929–2009) anadan olub.
10 iyun 1933 – Xalq rəssamı Rafiq Mahmud oğlu Mehdiyev (1933 – 28.11.2009) Naxçıvan MR Şahbuz rayonunda anadan olub. Kitab və dəzgah qrafikası sahəsində çalışıb, həmçinin rəngkarlıq əsərlərinin müəllifidir.
10 iyun 1938 – Şair, tərcüməçi Əli Vəkil (Əli Vəkil oğlu Səfiyev; 1938 – 7.1.2022) Ermənistanın Basarkeçər (indiki Vardenis) rayonunun Yuxarı Şorca kəndində anadan olub.
10 iyun 1983 – Xalq artisti, bəstəkar, pedaqoq Səid Əli oğlu Rüstəmov (12.5.1912 – 1983) vəfat edib. “Beşmanatlıq gəlin”, “Durna” və s. musiqili komediyalarının, populyar mahnıların müəllifidir. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri olub.
10 iyun 1989 – Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12.3.1906 – 1989) vəfat edib. Kitabları: “Gün o gün olsun ki...”, “İki sahil”, “Durna” (komediyalar), “Təbrizim”, “Azərbaycana gəlsin” və s.
10 iyun 2008 – Dünyaca məşhur qırğız yazıçısı Çingiz Aytmatov (12.12.1928 – 2008) vəfat edib. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.
Hazırladı: Vüqar Orxan