Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Kukla Teatrı 10-16 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Beynəlxalq “DemmeniFest – 2025” Kukla Teatrları Festivalında iştirak edir.

Yevgeni Demmeni adına Sankt-Peterburq Dövlət Marionet Teatrının təşkil etdiyi festival II Dünya müharibəsində fazişm üzərində Qələbənin 80 illiyinə həsr edilib. “DemmeniFest – 2025”in proqramında 8 kukla tamaşası yer alıb.

Azərbaycan Dövlət Kukla Teatrı festival üçün hazırladığı “İnnab ağacı” tamaşasını təqdim edib. 

Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında rus dilində (tərcümə: Elşadə Əzizova) səhnələşdirilən birhissəli kukla tamaşası iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı, tank qoşunları general-mayoru Həzi Aslanovun (1910–1945) həyat və döyüş yolundan bəhs edir.

Tamaşanın quruluş müəllifi teatrın baş rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.

Kukla obrazlarını teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli canlandırıblar.

Azərbaycan kuklaçılarının tamaşası haqqında xoş sözlər söyləyən və yaradıcı heyəti təbrik edən Demmeni Teatrının baş rejissoru Eduard Qayday festivalın iştirakçı diplomunu kollektivə təqdim edib.