İyunun 14-də Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  rəhbərliyi ilə görüş olub.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüş zamanı AMEA və NDU arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumda əsasən birgə tədqiqat layihələrinin icrası, elmi kadrların hazırlanması və mübadiləsi, elmi konfransların, simpoziumların və seminarların təşkili nəzərdə tutulur. Eyni zamanda, kitabxana işi üzrə təcrübə mübadiləsi və kadr hazırlığına dəstək göstərilməsi, elmi məlumatların, nəşrlərin və əsərlərin mübadiləsi, NDU-nun professor-müəllim heyəti və tələbələri üçün AMEA-nın Mərkəzi Elmi Kitabxanasının elektron resurslarından ödənişsiz istifadənin təmin edilməsi sənəddə əksini tapıb.

NDU-nun rektoru Elbrus İsayev AMEA-nın 80 illik yubileyi münasibətilə akademik İsa Həbibbəylini və heyətini təbrik edib, əməkdaşlığın təhsil mühitinin inkişafına yönəldiyini, elmi əlaqələrin genişlənməsinə hədəfləndiyini bildirib.

Rektor NDU ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti və digər ali məktəblərlə kitab mübadiləsinin aparıldığını xatırladıb, kitabxanaların elmi mübadilə platforması kimi məsuliyyətli roluna diqqət çəkib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli də əməkdaşlığın elmin inkişafına dəyərli töhfə verəcəyini bildirib. Akademik Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 18 mart tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını diqqətə çatdıraraq, yubiley tədbirinin ilk dəfə məhz Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

İsa Həbibbəyli, eyni zamanda, Naxçıvan Dövlət Universitetinin qazandığı uğurları, elmi nailiyyətləri və beynəlxalq əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib.

AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev qeyd edib ki, əməkdaşlıq hər iki tərəfin mövcud imkanları çərçivəsində qarşılıqlı faydalı olmaq və ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini birləşdirmək istəklərinə əsaslanır.

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, NDU-nun Elmi Kitabxanasının direktoru Xumar Məmmədova da birgə əməkdaşlığın daha səmərəli göstəricilərə vəsilə olacağını ifadə ediblər.

Sonra akademik İsa Həbibbəyli rektor Elbrus İsayevə və direktor Xumar Məmmədovaya AMEA Mərkəzi Elmi Kitabxanasının üzvlük vəsiqələrini təqdim edib.