18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür. 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyevin sərəncamı (2007) ilə bu tarix “İnsan hüquqları günü” kimi təsis olunub.
Tarixdəki olaylar
18 iyun 1815 – Napoleon ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələnən Vaterloo (Belçika) döyüşü olub. Müttəfiqlər tərəfindən sürgünə göndərildiyi Elba adasından qaçaraq Fransaya gələn (“100 günlük hakimiyyət”) və ordusunu yenidən toplayaraq Belçika üzərinə hücuma keçən Napoleon ingilis-holland-alman qüvvələri tərəfindən məğlub edilib. Napoleon İngiltərənin nəzarətində olan Müqəddəs Yelena adasına ömürlük sürgün olunub.
18 iyun 2001 – Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanla 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, bütün rəsmi yazışma və sənədləşmələr latın qrafikasında aparılmağa başlanıb.
18 iyun 2002 – Naxçıvanda Bəhruz Kəngərli Muzeyinin açılış mərasimi keçirilib. Prezident Heydər Əliyev mərasimdə iştirak edib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
18 iyun 1936 – Rus-sovet yazıçısı Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; 28.3.1868 – 1936) vəfat edib. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” (romanlar); “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” (pyeslər) və s.
18 iyun 1917 – Görkəmli bəstəkar, pedaqoq, Azərbaycanın Xalq artisti Əhməd Cövdət İsmayıl oğlu Hacıyev (1917 – 18.1.1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, səkkiz simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib. Qara Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.
18 iyun 1935 – SSRİ Xalq artisti, məşhur aktyor Yuri Solomin (1935 – 11.1.2024) anadan olub. Filmləri: “Əlahəzrətin yavəri”, “SİTA bəyan etməyə müvəkkil olunmuşdur” və s. Otuz ildən artıq Dövlət Akademik Malı Teatrın bədii rəhbəri olub.
18 iyun 2010 – Əməkdar incəsənət xadimi, qoboy ifaçısı, pedaqoq Azər Canbaxış oğlu Abdullayev (25.2.1929 – 2010) vəfat edib. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) Nəfəs və zərb alətləri kafedrasının müdiri olub.
Hazırladı: Vüqar Orxan