18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul edilib. Prezident İlham Əliyevin sərəncamı (2007) ilə bu tarix “İnsan hüquqları günü” kimi təsis olunub.
Bu münasibətlə Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, “18 iyun – Azərbaycanda İnsan Hüquqları Günü” adlı virtual sərgidə Ulu öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqları, Azərbaycanın ən böyük insan haqları layihəsi – Qərbi azərbaycanlıların qayıdışı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) fəaliyyəti və mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar və kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/18_iyun/index.html linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində isə rəsmi sənədlər toplusu, Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının təminatı, Azərbaycan Respublikası Ombudsmanının fəaliyyəti, insan hüquqlarının praktik vəziyyəti, erməni riyakarlığı və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.