Azərbaycanın Mədəniyyət Nazirliyi və Çin Xalq Respublikasındakı səfirliyimizin birgə təşkilatçılığı ilə ölkəmiz növbəti dəfə Asiyanın ən iri kitab platformalarından olan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Çin Milli Nəşrlərin İdxal və İxrac Qrupu tərəfindən 18-22 iyun tarixlərində keçirilən XXXI Pekin Beynəlxalq Kitab Sərgisi bu il 80 ölkədən 1700-dən çox iştirakçını, o cümlədən 200-dən artıq beynəlxalq kitabxana və tədqiqat institutunu bir araya gətirib. Sərginin fəxri qonaq ölkəsi Malayziyadır.

Sərgidə Azərbaycandan nəşriyyat nümayəndələri və yazarların daxil olduğu geniş heyət ştirak edir. Milli stend və təqdimat zonası vasitəsilə ölkəmizin zəngin ədəbi-mədəni irsi dünya auditoriyasına təqdim olunur.

Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatını əks etdirən 175 adda, 332 nüsxə kitab sərgilənən milli stenddə ziyarətçilər 5 gün boyunca Azərbaycan kitab sənətinə həsr olunmuş təqdimatlar, görüşlər və müzakirələrdə iştirak edə biləcəklər.

Sərgi müddətində Azərbaycanla Çin arasında mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi, ədəbi tərcümələrin təşviqi, eləcə də yerli nəşrlərin beynəlxalq oxuculara tanıdılması istiqamətində müxtəlif peşəkar tədbirlər də planlaşdırılıb.

Qeyd edək ki, “Sivilizasiyalar irsinin və inkişafının təşviqi, qarşılıqlı faydalı əməkdaşlıq üçün mübadilə və qarşılıqlı öyrənmənin inkişafı” devizi altında keçirilən sərgidə təxminən 60 min kvadratmetrlik ekspozisiya sahəsinin müxtəlif bölmələrində 220 min kitab və digər nəşr vasitələri nümayiş etdirilir.