“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalında iştirak edən dünyagöhrətli ingilis musiqişünası və bəstəkar Richard Dumbrill iyunun 18-də Azərbaycan Milli Konservatoriyasında mühazirə oxuyub.
O, mühazirədə Yaxın və Orta Şərqin arxeomusiqişünaslığı, xüsusilə şumer, babil və hurri dillərində yazılmış musiqi nəzəriyyəsinin mixi mətnləri ilə bağlı fikirlərini bölüşüb. Alim həmçinin qədim Şərqin musiqi mədəniyyətinə həsr etdiyi kitablarından söz açıb. 
Mütəxəssisin müxtəlif musiqi nəzəriyyələrinə həsr olunan mühazirəsi dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Alim auditoriyanı maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, iyunun 17-də başlanan “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı ayın 22-dək davam edəcək. Festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşir.