
17–22 iyun tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənətini beynəlxalq miqyasda tanıtmaq məqsədilə təşkil olunan ənənəvi festivalda bu il Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə – ümumilikdə 20-dən çox ölkədən 50-dən çox ifaçı, tədqiqatçı və qonaq iştirak edəcək.
Festival iyunun 17-də Bakıda – Heydər Əliyev Sarayında “Bayatı” adlı konsert-tamaşa ilə açılacaq.
Festival çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların beynəlxalq muğam müsabiqəsi keçiriləcək. Müsabiqədə 30-dan çox gənc xanəndə və instrumental ifaçı iştirak edəcək.
Festivalın proqramına XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpozium, İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansı (18 iyun) və “Muğam 12” musiqi marafonunun keçirilməsi də daxildir. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olacaq.
Müsabiqənin bağlanış mərasimi muğamın beşiyi olan azad Qarabağda – Ağdam Muğam Mərkəzində keçiriləcək.
Qeyd edək ki, bu il mayın 10-da mərkəzin açılış mərasimində Prezident İlham Əliyev yaradılan şəraiti yüksək qiymətləndirmiş və orada müntəzəm muğam bayramlarının, o cümlədən muğam müsabiqələrinin keçirilməsini tövsiyə etmişdi. Bu baxımdan müsabiqə laureatlarının yekun konsertinin Ağdam Muğam Mərkəzində keçirilməsi təkcə muğamın deyil, həm də xalqımızın bu torpaqlara mənəvi-mədəni qayıdışını simvolizə edəcək.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə 2009-cu ildə keçirilən “Muğam aləmi” beynəlxalq festivalı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan muğamının və əlaqəli musiqi formalarının ənənələrinin qorunması, ifası və tədqiqini təşviq edən ən önəmli layihələrdən biridir. Daha sonra 2011, 2013, 2015, 2018 və 2023-cü illərdə təşkil edilən festival müxtəlif ölkələrindən sənətçiləri, musiqiçiləri, alimləri və mədəniyyət təbliğatçılarını bir araya gətirir, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, muğam irsinin yaşadılmasına töhfə verir.