Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin (1835-1888) anadan olmasının 190 illiyi tamam olur.

Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgilərdə Seyid Əzim Şirvaninin əsərləri, şairin həyatı və yaradıcılığı haqqında kitablar, xatirə, şəkil, əlyazma və yeni sənədlərdən ibarət nəşrlər nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

***

Şairin yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Böyük söz ustadı Seyid Əzim Şirvani - 190” adlı elektron məlumat bazası hazırlanıb.

Elektron məlumat bazasında şairin həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri fikirlər, maarif xadiminin müdrik kəlamları, rəsmi sənədlərlə yanaşı, professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Seyid Əzim Şirvani”, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas Mətanət Vahidin “Seyid Əzim və Füzuli: ənənə və davamçılıq məsələlərinə ədəbiyyatşünaslığımızın münasibəti” və Əməkdar jurnalist İradə Əliyevanın “Aşiqanə qəzəlxan, realist satirik, maarifçi ziyalı” kimi məqalələrin tam mətni təqdim edilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən elektron bazada görkəmli şairin özbək, rus və ingilis dillərinə tərcümə edilən yaradıcılıq nümunələrinin, təmsillərinin, yazıçı haqqında dövri mətbuatda dərc edilmiş publisistik məqalələrin, nəşr olunan kitabların siyahıları verilib.

Materialda “Seyid Əzim Şirvani və mətbuat”, “Not və əlyazmalar”, “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri də təqdim edilir.