Tarixdəki olaylar
9 iyul Azərbaycanda diplomatik xidmət əməkdaşlarının bayramıdır. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatiya fəaliyyətini tənzimləyən ilk normativ sənədi – XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət əməkdaşlarının peşə bayramı günü elan edilib.
9 iyul 1816 – İspaniyanın Cənubi Amerikadakı ən böyük müstəmləkəsi (ərazisi 2,7 milyon kv.km) olan Argentina müstəqilliyini elan edib. XVI əsrdə İspaniyanın müstəmləkəsinə çevrilən Argentina La-Plata general-qubernatorluğu adlanırdı. Müstəqilliyini də “Birləşmiş La-Plata Əyalətləri” adı altında qazanmışdı. 1826-cı ildə Federativ Argentina Respublikası elan edildi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
9 iyul 1764 – İngilis yazıçısı Anna Radklif (Ann Radcliffe; 1764 – 7.2.1823) anadan olub. Ədəbi effektlər, qorxulu situasiyalarla zəngin olan qotik romanın yaradıcılarından biridir. Əsərləri: “İtalyan və ya bir etirafın sirri”, “Udolf qəsrinin sirləri” və s.
9 iyul 1834 – Çex yazıçısı, şair, publisist Yan Neruda (1834 – 28.8.1891) anadan olub. “Qəbiristanlıq çiçəkləri”, “Kosmik nəğmələr” və s. kitabların müəllifidir.
9 iyul 1926 – Görkəmli yazıçı-dramaturq Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov (1854–1926) vəfat edib. Ədib “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub.
9 iyul 1939 – Əməkdar artist Firuz İmam oğlu Xudaverdiyev (1939 – 28.3.2017) Bakının Qobu kəndində doğulub. Mingəçevir teatrında, Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə çəkilib.
9 iyul 1981 – Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (23.6.1913 – 1981) vəfat edib. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, rus ədəbiyyatından tərcümələr edib.
Hazırladı: Vüqar Orxan