Tarixdəki olaylar

 

8 iyul 1992 – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM, 1995-ci ildən ATƏT) Helsinki zirvə toplantısında iştirak edən Prezident Əbülfəz Elçibəy Azərbaycanın təşkilata üzvlüyünə dair sənədləri, o cümlədən Helsinki Yekun Aktını (1975) imzalayıb. Azərbaycan ATƏM-ə 1992-ci il yanvarın 30-da qəbul olunmuşdu.

 

8 iyul 1996 – Azərbaycan Respublikası ilə Boliviya arasında diplomatik münasibətlər qurulub.

 

8 iyul 2003 – Prezident Heydər Əliyev İtaliya xarici işlər nazirinin Marqerita Boniveri, Türkiyənin daxili işlər naziri Abdulkadir Aksunu qəbul edib, Təhlükəsizlik Şurasının iclasını keçirib. Bu, Heydər Əliyevin dövlət başçısı postunda Bakıda keçirdiyi son görüşlər idi. Həmin gün axşam o, Gülhanə Hərbi Tibb Akademiyasında müalicəsini davam etdirmək üçün Ankaraya gedib. 2003-cü il avqustun 7-dən Heydər Əliyevin müalicəsi ABŞ-ın Ohayo ştatında, Klivlend Klinikasında davam etdirilib. Dekabrın 12-də orada vəfat edib. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

8 iyul 1621 – Fransız şairi, məşhur təmsillər müəllifi Jan de Lafonten (Jean de La Fontaine; 1621 – 13.4.1695) anadan olub. Antik dövr müəlliflərinin (Ezop, Fedr və s.) əsərlərindən yararlanaraq təmsil janrını yaradıb.

 

8 iyul 1888 – Xalq artisti Pyotr Pavloviç Jarikov (1888 – 9.1.1969) Moskvada anadan olub. Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət (1928–1963) göstərib.

 

8 iyul 1909 – Əməkdar elm xadimi, məşhur dilçi alim, akademik, Dövlət mükafatı laureatı Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (1909 – 10.4.1979) Şəkidə doğulub. Müasir Azərbaycan dilinin fonetikasına, etimologiyasına və ümumi dilçiliyə aid əsərlərin müəllifidir.

 

8 iyul 1931 – Xalq artisti Zülfüqar Yaqub oğlu Baratzadə (1931 – 11.2.1991) Gəncədə doğulub. 1949-cu ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, filmlərə çəkilib.

 

8 iyul 1938 – Rusiyanın Xalq artisti, tanınmış aktyor Andrey Vasilyeviç Myaqkov (1938 – 18.2.2021) anadan olub. “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “Qaraj” və s. filmlərdə çəkilib.

Hazırladı: Vüqar Orxan