Tarixdəki olaylar

 

7 iyul 1899 – ABŞ Havay adalarını işğal edib. Sakit okeandakı arxipelaq əvvəlcə İspaniyanın, sonra isə Britaniyanın nəzarətində olmuşdu. Havay adaları ştat statusu ilə ABŞ-yə birləşdirildi.

  

7 iyul 1923 –Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verib. Dekret Rusiya K(b)P Qafqaz Bürosunun iki il əvvəl (5 iyul 1921) qəbul etdiyi tövsiyə qərarına əsasən verilmişdi. Qərarda muxtariyyətin mərkəzi Şuşa göstərilsə də, Azərbaycan MİK-in dekretində vilayətin mərkəzi Xankəndi qəsəbəsi seçilmişdi. Həmin ilin oktyabrında ermənilərin təşəbbüsü ilə Xankəndi Stepanakert adlandırıldı. 1988-ci ildə bölgədə başlanan erməni separatçılığının və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hərbi münaqişəyə keçməsindən sonra, 1991-ci ilin 26 noyabrında Azərbaycan Ali Soveti tərəfindən DQMV ləğv edildi. Azərbaycan dövləti 2020-ci ilin 44 günlük müharibəsindən sonra keçmiş Dağlıq Qarabağda qismən, 2023-cü ilin 19-20 sentyabrında lokal antiterror əməliyyatından sonra isə tam şəkildə suverenliyini bərpa etdi. Qarabağda erməni separatçılığının kökü kəsildi.

 

7 iyul 2019 – UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki şəhərinin tarixi hissəsi Şəki Xan sarayı ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

7 iyul 1860 – Avstriya bəstəkarı Qustav Maler (Gustav Mahler; 1860 – 18.5.1911) anadan olub.

 

7 iyul 1882 – Belarus ədəbiyyatının banilərindən şair Yanka Kupala (əsl adı İvan Dmitriyeviç Luseviç; 1882 – 28.6.1942) anadan olub.

 

7 iyul 1884 – Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger (Feuchtwanger; 1884 – 21.12.1958) anadan olub. “Qoyya”, “İspan balladası”, “Lautenzak qardaşları” və s. tarixi romanların müəllifidir.

 

7 iyul 1901 – İtalyan aktyoru, kinorejissor, 4 dəfə “Oskar” mükafatı laureatı Vittorio De Sika (Vittorio De Sica; 1901 – 13.11.1974) anadan olub. Filmləri: “Günəbaxanlar”, “Dünən, bu gün, sabah”, “İtalyansayağı nikah” və s.

 

7 iyul 1939 – Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova (1939 – 5.3.2010) Göyçay şəhərində anadan olub. Rus və Azərbaycan dillərində elmi-fantastik əsərlərin müəllifidir: “Yeraltı dünya”, “Vaxtdır, qardaşım” və s.

 

7 iyul 1943 – İtalyan müğənnisi və bəstəkarı Toto Kutunyo (Salvatore (Toto) Cutugno; 1943 – 22.8.2023) anadan olub.

 

7 iyul 1950 – Əməkdar mədəniyyət işçisi Həsən Nəsib oğlu Həsənov (1950 – 6.4.2021) Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Müxtəlif teatrlarda (İrəvan, Mingəçevir, Gənclər (Bakı) teatrları) direktor işləyib.

 

7 iyul 1961 – Əməkdar artist, aktyor, rejissor Ələkbər Adıgözəl oğlu Hüseynov (1961 – 2.8.2007) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləyib. Televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.

Hazırladı: Vüqar Orxan