Tarixdəki olaylar

 

5 iyul 1921 – Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilib. Bir gün öncə, iyulun 4-də RK(b)P Qafqaz Bürosunun plenumunda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərarın qəbuluna nail olmuşdu. Lakin Nəriman Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin etirazı və RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu.

 

5 iyul 2002 – Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan dövlətinin xaricdəki soydaşlarla əlaqələrini tənzimləyəcək qurum – Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli fərmanı ilə qurum Diasporla İş üzrə Dövlət Komitəsinə çevrilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

5 iyul 1812 – İspan yazıçı-dramaturqu Antonio Qarsia Qutteres (Antonio Garcia Gutierrez; 1812–1884) anadan olub. Dramaturqun “Trubadur” pyesi əsasında italyan bəstəkarı Cüzeppe Verdi eyniadlı opera yazıb.

 

5 iyul 1851 – Publisist, alim və ictimai xadim İsasultan Nəcəfqulu oğlu Şahtaxtinski (1851 – 18.10.1894) İrəvanda anadan olub. “Tiflisski vestnik” qəzetində şöbə müdiri, “Kavkazski almanax”ın təsisçisi, naşiri və redaktoru olub.

 

5 iyul 1889 – Fransız yazıçısı, rəssam, teatr nəzəriyyəçisi Jan Kokto (Jean Maurice Eugene Clement Cocteau; 1889–1963) anadan olub. “Əllamə Toma”, “Ədəbsiz uşaqlar” romanlarının, “Antiqona”, “Orfey” pyeslərinin müəllifidir.

 

5 iyul 1901 – SSRİ Xalq artisti, rejissor, aktyor, rəssam, yazıçı Sergey Obraztsov (1901–1992) anadan olub. Uzun illər Moskvada Mərkəzi Kukla Teatrına rəhbərlik edib.

 

5 iyul 1928 – Əməkdar artist Əzizağa (Ağababa) Qasım oğlu Qasımov (1928 – 18.2.1985) Bakıda doğulub. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru olub, filmlərə çəkilib. 

Hazırladı: Vüqar Orxan