M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Kamera musiqisi axşamı" adlı konserti keçirilib.
Azərbaycan Dövlət Simli Kvartetinin iyulun 1-də təqdim etdiyi proqramda D.Şostakoviçin 8 saylı simli kvartet c-moll (op.110) və F.Əlizadənin "Muğamsayağı" əsərləri səsləndirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadənin muğam ilə müasir musiqi intonasiyalarının vəhdət şəklində təqdim olunduğu simli kvartet, zərb alətləri və sintezator üçün yazılmış "Muğamsayağı" (1993) əsəri dinləyicilərə xüsusilə böyük zövq bəxş edib.
Əsərdə Şərq-Qərb sintezi çox maraqlı tərzdə öz əksini tapıb. Musiqidəki dərin fəlsəfi psixoloji aləm, təzadlılıq, improvizə xüsusiyyətləri və eyni zamanda meditativ səslənmə kvartet tərəfindən yüksək ustalıqla ifa olunub.
Fəlsəfi məna kəsb edən bu əsər violonçelin solosu ilə başlayaraq, həmin solo intonasiya ilə tamamlanıb. Ümumilikdə kvartetin ifası muğam üçlüyünə xas ahəngli səslənməni yaradıb.
Sonda müəllif Firəngiz Əlizadə kvartetin hər bir üzvünü təbrik edərək onlara təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Hazırda kvartetin tərkibinə respublika və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı (I violin), Xəyalə Abdullayeva (II violin), Əməkdar artistlər Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) daxildir.