İyulun 4-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalı başlanıb.
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə üç gün davam edəcək festivalda Azərbaycan, Türkiyə və Çinin tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.
İyulun 4-də gündüz Şəki şəhərindəki “Yuxarı Karvansaray” mehmanxana kompleksində ilk konsert olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gerçəkləşən konsertdə Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivlərinin rəngarəng proqram təqdim ediblər.
Konsertdən öncə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, bu gün Azərbaycanda 30-a yaxın fərqli dildə danışan, fərqli mədəniyyətə malik xalqlar yaşayır. Azərbaycan yeganə dövlətdir ki, bu müxtəlifliyi özü üçün sərvət hesab edir: “Bu gün fərqli dillərdə musiqi nümunələri, fərqli ritmlər eşidəcəyik. Ancaq bu fərqli musiqi nümunələri bir ritm yaradır. O ritm əslində Azərbaycan tolerantlığının, Azərbaycan multikultiralizminin döyünən ürəyidir”.
Qeyd olunub ki, ölkəmizdə müxtəlif dinlərə sitayiş edən xalq və etnoslar tarixən uzunmüddətli birgəyaşayış şəraitində özünəməxsus mədəni və folklor ənənələrini qoruyub saxlayıblar. Azsaylı xalqların musiqi folkloru Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Bu xalqların əsrlər boyu ölkəmizdə yaşayıb-yaratmaları, öz mədəni irslərini qoruyub inkişaf etdirmələri Azərbaycanda tolerantlığın və multikultiralizmin bariz sübutudur.
Konsert proqramında talış, avar, ləzgi, molokan və tat icmalarının folklor qruplarının çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
İlk musiqi nömrəsini Balakən rayonunun Qabaqçöl qəsəbəsində fəaliyyət göstərən “Cahan” avar xalq kollektivi təqdim edib. Kollektiv 1990-cı ildə yaradılıb və 2011-ci ildə ona “Xalq kollektivi” adı verilib. “Cahan” kollektivi festivallarda uğurla iştirak edib, Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərman və diplomlarla təltif olunub. Kollektiv 2021-2022-ci illərdə Şuşa şəhərində keçirilən mötəbər “Xarıbülbül” folklor festivalında da çıxışı ilə böyük rəğbət qazanıb.
“Hovalim” talış folklor qrupu 2022-ci ildə Astara Rayon Mədəniyyət Mərkəzində yaradılan qrupun əsas məqsədi talış xalqına məxsus musiqi, rəqs və mərasim ənənələrini yaşatmaq, folklor nümunələrini yeni nəslə çatdırmaqdır.
“Suvar” ləzgi mahnı və rəqs ansamblı 1996-cı ildə Bakıda yaradılıb. Ansambl respublika və beynəlxalq festivalların laureatıdır. Orijinal rəqsləri, yüksəksəviyyəli mahnı ifaları ilə seçilən bu ansambl 2011-ci ildə “Xalq kollektivi” fəxri adına layiq görülüb.
Tamaşaçılar İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən “Slavyanoçka” xalq xorunun çıxışını da maraqla qarşılayıblar. Kollektiv 1973-cü ildən fəaliyyət göstərir. Xalq xoru dəfələrlə Bakıda və respublikamızın bir çox bölgələrində müxtəlif bayram, konsert və el şənliklərində uğurla çıxış edib.
Şabran rayonunun Dağbilici kənd Mədəniyyət Evində 1986-cı ildə yaradılan “Xınayaxdı” folklor xalq kollektivinin repertuarına əsasən xalq mahnıları, mövsümi mərasimlərə, əkin-biçin dövrünə və el bayramlarına aid nəğmələr daxildir. Bu folklor nümunələri həm milli ruhun yaşadılması, həm də qədim adət-ənənələrin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Konsert proqramı Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısının sədaları altında başa çatıb.
Sonra Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək, gözəl bir ənənəyə çevrilən və artıq on dördüncü dəfə keçirilən festivalın bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib.
Folklor qruplarının rəhbərlərinə festivalın xatirə hədiyyələri təqdim olunub.
İyulun 4-də axşam “Marxal” kompleksinin Yay Teatrında Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.