Yarım əsrdən çoxdur özünü və sözünü tanıma yolunun sadiq yolçusudur Vaqif Aslan. Həm də bu illər ərzində dahi sələfi Bəxtiyar Vahabzadə demişkən, “özünü yenidən yaratmaq”la ömür sürüb. Budur, onun 75 budaqlı, söz bəhrəli ömür ağacı qarşımızda canlanır. Bu ağacın rəngarəng söz meyvələri var və onları dadanlar (oxuyanlar) müəllifin kimliyinə vaqif olurlar:

Bulaqlardan su yerinə qətrə-qətrə məhəbbət içən Vaqif Aslan.

Daşın da gözündə yaş görən Vaqif Aslan.

Daşdan qopan nidanı duyan Vaqif Aslan.

Hər cür məhrumiyyətlər altında ömür sürə bilən, ancaq Vətənsiz yaşaya bilməyən Vaqif Aslan.

Özgəni oxumağı asan, özünü oxumağı çətin sayan Vaqif Aslan.

Halal sözü halal çörək qədər müqəddəs bilən və ömrü boyu bu müqəddəsliyə tapınan Vaqif Aslan.

Zaman-zaman sözlə, hikmətlə dolub-daşan, özü də bilmədən özünü aşan Vaqif Aslan...

Şairin yaradıcılığı çağdaş Azərbaycan poeziyasında özünəməxsus yer tutur. Hazırda Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinə rəhbərlik edən Vaqif Aslan uzun illərdir bu regionda ədəbi düşüncənin zənginləşməsinə öz töhfəsini verir.

 Xalq yaddaşından könül dünyasına süzülənlər...

Vaqif Aslanın yaradıcılıq nümunələri xalq yaddaşından, ulularımızın deyim-duyum xəzinəsindən süzülüb gələn və müəllifin könül dünyasının min bir rənginə boyanan söz boğçasıdır. Onun əsərlərini qəlbə yaxın edən, sözsüz ki, müəllif səmimiyyətinə bürünən xalq hikməti, mifik yaddaşdır.

Şairin yaradıcılığında folklora müraciət özünü bir neçə istiqamətdə göstərir. O, xalq dastanlarından, əfsanələrdən, nağıl motivlərindən çox ustalıqla bəhrələnir. Bu mənbələr daha çox tarixi yaddaşı oyatmaq, milli kimliyi ifadə etmək baxımından müəllifə gərək olur.

2020-ci ilin oktyabr ayında – şanlı Azərbaycan Ordusunun əzəli yurd yerlərimizi düşməndən azad etdiyi 44 günlük Vətən müharibəsinin ən qaynar dövründə qələmə aldığı “Tanrıkut Əsgər, salam!” şeiri bu mənada diqqətəlayiq nümunələrdəndir.

Müəllif şeirdə haqq savaşına qalxan Azərbaycan Əsgərini “Tanrıkut” adlandırır. Yeri gəlmişkən qeyd edək ki, qədim türklərdə xaqanların Tanrının müqəddəs missiya yüklədiyi insanlar olduğuna inanılırdı. “Tanrıkut” isə Tanrının kut (qut da deyilir), yəni sakral enerji bəxş etdiyi insan anlamındadır. Vaqif Aslan qəhrəman Vətən fədailərinə bu adı təsadüfən vermir. Çünki Ordumuz yağının ayağını müqəddəs torpağımızdan birdəfəlik kəsmək missiyasını yerinə yetirirdi və bunu dillərə dastan olacaq şəkildə bacardı. Şeirdə türk mifik təfəkküründən, qəhrəmanlıq salnaməsindən gələn deyimlər bu cür sıralanır:

Salam, Əsgər Tanrıkut!
Tanrıkut Əsgər, salam!
Sən Tanrının zalıma
qırmancısan, vəssalam!

...Alp Ər Tonqa demiş ki,

olsan doğru ol, düz ol!
Yurd-yuva əmanəti!
Oda-ocağa göz ol!

Mete xan söyləmişdir:
– Türk yağıya yenilməz!
Can fəda edilsə də,
torpaq fəda edilməz!

Bilgə xaqan ayıtmış:
– Özün-özünü bölmə!
Bölüm-bölüm bölünüb
ayaqlar altda ölmə!

Şair əmindir ki, Birinci Qarabağ savaşında əliyalın, dinc insanlara qarşı xüsusi amansızlıq göstərən, “iman və əqidəni göy əsgiyə bükən” mənfur düşmənin nicat yolu olmamalıdır. Ona görə də Azərbaycan Əsgərinə “söz sənindir!” deyir.

Vaqif Aslan şeirlərində Dədə Qorqud, Babək, Koroğlu kimi etnik-mədəni və tarixi yaddaşımızda dərin kök salmış obrazlara simvolik mənalar yükləməklə müəllif qayəsinin daha maraqlı və yaddaqalan təqdimatına çalışır. Xalq yaradıcılığından gələn elementlər onun poeziyasının dil-üslub sadəliyində və ahəngdarlığında da özünü göstərir.

Şairin folklordan bəhrələnməsi həm də ideoloji səviyyədə özünü göstərir. Xalqın keçmişinə, adət-ənənələrinə bələd olan müəllif “Həmişə xalq deyən, xalqa söykənən, Xalqdan qüvvət alan özü xalq olar” (B.Vahabzadə) həqiqətinə də vaqifdir...

 Dağ – milli və coğrafi kimliyin təcəssümü

 Vaqif Aslan yaradıcılığında dağ kultu mühüm yer tutur. Dağ onun əsərlərində təkcə coğrafi bir obyekt deyil, həm də milli iradənin, düşmənə müqavimətin və azadlığın simvoludur. Müəllifin dağa münasibətinin əsasında, şübhəsiz ki, Azərbaycan ədəbiyyatının klassik ənənələri, xalq yaradıcılığı, o cümlədən aşıq sənətinə olan bağlılıq dayanır. Dağ kultunun əsas motivləri də müxtəlifdir. Məsələn, şairə görə, dağlar, xüsusilə də Qarabağın əsrarəngiz təbiəti həm də milli və coğrafi kimliyin təcəssümüdür. O, dağlar vasitəsilə Vətənə olan sevgisini, bağlılığını ifadə edir. Şair dağları canlı sanır, onlarla sanki danışır, yeri gələndə ona ərkyana qəlbini açır: “Dağlar gördüm qoca-qoca, Sevincimdən qucar oldum” (“Anam Kişə”), “Ey geniş çöl, uca dağ! Nolar çevril mənə bax!” (“Dünyam”)...

Dağlar Vaqif Aslanın şeirlərində tez-tez qəhrəmanlıq məkanı, əyilməyən, sınmayan ruhun ifadəsi kimi yada salınır. Onun əsərlərində dağ bəzən Tanrı ilə insan arasında mənəvi körpü olaraq da təzahür edir. Şair dağlara baxaraq öz daxili aləmini, həsrətini, ağrılarını dilə gətirir. Bu, dağın həm də etnik-mədəni yaddaşda daşıdığı psixoloji və emosional gücün ortaya çıxmasıdır.

Görkəmli ədəbiyyatşünas-alim mərhum Yaşar Qarayev (1936-2002) vaxtilə şairin yaradıcılığında folklor motivlərinin təzahürü barədə yazırdı: “Tanınmış şair-alim... Vaqif Aslan Azərbaycan ərazisində ən qədim və geniş miqyasda türk-folklor mənəviyyatının məişətdə həqiqətən yaşanmış sənədli bir gerçəklik olduğunun izlərini məhz Şəkinin şifahi yaddaş qatlarında, Şəki folklor arealının sənət və dil materialında axtarır”. Bu mənada, müəllifin “Şəki” şeirindən aşağıdakı misralar Azərbaycanın bu qədim elinin tarixi-mədəni zənginliklərinə işıq salır:

...Yolları yük dolu karvanlar görüb,
Karvanlar başında sarvanlar görüb.

Örpəyi, çitməsi, kəlağayısı,
Yaylığı, dəsmalı dillərdə dastan.
Xanlar məkanıdır, bəylər yurdudur,
Qızıyla, oğluyla ellərdə dastan.

Vaqif Aslan yaradıcılığında "Kiş kəndi" şeirinin də xüsusi yeri var. Bu əsəri folklorun poeziyadakı uğurlu əks-sədası kimi səciyyələndirmək olar. Müəllifin dünyaya göz açdığı Kiş kəndi təkcə Şəkinin deyil, Azərbaycanın tarixi-mədəni zənginlikləri ilə seçilən kəndlərindən biridir. Şair doğma kəndinin mədəniyyətini, folklorunu, toponimik vahidlərini poetik şəkildə tərənnüm edir:

Ey bu qoca dünyanın qosqocaman Kiş kəndi!

Halal süfrə, duz - çörək, zəhmət kəndi, iş kəndi!

Sakhunlar da səndədir, Sığnaq da, Pir qaya da.

Əlin çatır günə də, ulduza da, Aya da.

Dirilik çeşməsidir Baydar bulaq, Həmzələr.

Cilvələnir sularda axıb gedən qəmzələr.

Mənim məbədli kəndim, ocaqlı, pirli kəndim.

Daşıyla, qayasıyla sehrli, sirli kəndim!...

Bu misralarda Kiş kəndinin təbii gözəllikləri, sakinlərinin mədəni-mənəvi dəyərləri vurğulanır. Şair folklordan gələn elementlərlə kəndin ruhunu və atmosferini oxucuya hiss etdirir. "Kiş kəndi" şeiri müəllifin folklor ənənələrinə sadiqliyini və bu ənənələri necə müasir poeziyaya inteqrasiya etdiyini göstərən əhəmiyyətli bədii nümunədir. Şeirdə həmçinin Azərbaycanın zəngin mədəni irsini və folklorunu yaşadıb gələcək nəsillərə çatdırmağın vacibliyi vurğulanır.

 “Ruhlarla danışan adam”

İyulun 5-də Vaqif Aslanın 75 yaşı tamam olur. Qeyd edək ki, bu ilin əvvəlindən şairin yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. İyunun 10-da Şəki Heydər Əliyev Mərkəzində gerçəkləşən yubiley tədbirində elm adamları, ictimai xadimlər, yazarlar Vaqif Aslanın ədəbi yaradıcılığı ilə yanaşı, onun professional tərcüməçi, təcrübəli pedaqoq və tədqiqatçı, mahir publisist kimi çoxşaxəli fəaliyyətindən də geniş söz açdılar. Həmin tədbirdə şairin 75 illik yubileyi münasibətilə Mahmud Kaşğarlı adına Beynəlxalq Fondun layihəsi əsasında nəşr edilmiş “Ruhlarla danışan adam” kitabı da təqdim olundu. Şairin həyat yoluna və fəaliyyətinə hərtərəfli işıq salan bu nəşri, sözün əsl mənasında, bir “Vaqif Aslannamə” adlandırmaq mümkündür...

Ömrünü söz ömrünə calamış şairi doğum günü və yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, Vaqif Aslanın parlaq istedadından, saflıq və səmimiyyətindən qor alan poeziya məşəlinin şöləsi heç zaman azalmayacaq.

 Fariz Yunisli