Noyabrın 20-də görkəmli yazıçı, publisist, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qulu Xəlilov (1930-1995) anadan olmasının 95 illiyi tamam olur. Bu münasibətlə Milli Kitabxanada “Əməkdar elm xadimi Qulu Xəlilov – 95” adlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə professorun bədii, elmi və publisistik əsərləri, redaktoru olduğu, rəy və ön söz yazdığı kitablar, həyatı və yaradıcılığı haqqında xatirələr, poetik düşüncələr və s. ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Qulu Qasım oğlu Xəlilov 1930-cu il noyabrın 20-də Qərbi Azərbaycanın Qarakilsə rayonunda anadan olub. 1948-ci ildə ailəsi oradan məcburən Ağcabədi rayonunun Poladlı kəndinə köçürülüb.

Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsini 1954-cü ildə fərqlənmə ilə bitirib, 1956–1959-cu illərdə aspiranturada təhsil alıb. 1959-cu ildə “Vaqif” pyesi və tarixi dram janrı” mövzusunda namizədlik (fəlsəfə doktorluğu), 1968-ci ildə isə “Azərbaycan romanının inkişafı tarixi” mövzusunda elmlər doktorluğu dissertasiyalarını müdafiə edib.

Yaradıcılığa “Ədəbiyyat və incəsənət" qəzetinin 1953-cü il 8 yanvar sayında dərc olunan “Qılınc dağında” məqaləsi ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm olaraq publisistik və tənqidi məqalələri, hekayələri ilə çıxış edib, radio və televiziyada verilişlər aparıb.

“Yaşamaq istəyirəm”, “Qocaların söhbəti”, “Qulun yaman kişnədi”, “Müəllimə”, “Hörümçək”, “Tənha palıd”, “Bir də gəlmə”, “Ömrün baharı”, “Atam və mən” kimi nəsr nümunələri, eləcə də elmi və publisistik əsərləri oxucular tərəfindən maraqla qarşılanıb.

Q.Xəlilov 1993-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Alim 1995-ci il noyabrın 16-da Bakıda vəfat edib.