Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbir Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr edilib.
Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova Səməd Vurğunun, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, dramaturq və ictimai xadim kimi də böyük nüfuz qazandığını deyib.
Qeyd edib ki, şairin yaradıcılığı aşıq poeziyası ilə də sıx bağlıdır. Bu səbəbdən konsert proqramında əsasən şairin şeirlərinə bəstələnmiş aşıq ifaları səsləndirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının direktoru Yusif Alıyev və “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri İlham Pirməmmədov çıxış edərək şairin həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olub, zəngin lirikası və fəlsəfi şeirləri ilə milli poeziyanın inkişafına mühüm töhfələr verib, Azərbaycan dilinin poetik imkanlarını genişləndirib.
Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev Səməd Vurğunun yaradıcılığını yüksək qiymətləndirib. Şairin irsinə dövlət səviyyəsində göstərilən diqqət və ehtiram bu gün də davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev şairin 120 illik yubileyi ilə bağlı sərəncamın irəli gələrək silsilə tədbirlər təşkil olunur.
Tədbir bədii hissə ilə davam edib.
Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Xalq artistləri Gülyaz Məmmədova və Nəzakət Teymurova, Əməkdar artist Zakir Əliyev, BMM-in solisti Kamilə Nəbiyeva, Xəzər Universitetinin müəllimi aşıq Ramin Qarayev, ifaçı Sahib İbrahimov, aşıqlar Avdı Musayev, Şahin Süleymanov və Samir Cəlaloğlu şairin sözlərinə bəstələnmiş mahnı və aşıq havalarını səsləndiriblər.
Sonda Ümummilli lider Heydər Əliyevin şairin “Azərbaycan” şeirindən bir bir bəndi söyləməsini əks etdirən videoçarx nümayiş olunub.
























